Xətai Miniatür Sənəti Qalereyasında sərgi
   
   Avqustun 1-də Xətai Miniatür Sənəti Qalereyasında bədii sərgi açılıb. “Avqust-2011” adlı sərgidə Xətai Sənət Mərkəzinin kolleksiyasından ibarət əsərlər təqdim edilir.
   
   Tədbiri giriş sözü ilə açan Xalq rəssamı Arif Hüseynov Xətai Sənət Mərkəzinin ilk dəfə olaraq öz kolleksiyasını ictimaiyyətə təqdim etdiyini dedi. Qeyd olundu ki, sərgi ənənəvi olacaq və hər il avqust ayında sənətsevərlərin görüşünə gələcək.
   Sərgidə 35 rəssamın 65 əsəri nümayiş olunur. Qalereyada məşhur fırça ustalarından Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Baba Əliyev, Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Rasim Babayev, Mircavad Mircavadov və Gennadi Brijatyukun müxtəlif mövzulu əsərləri yer alıb.
   Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan və milli bədii ənənələrimizə müasir ruh bəxş edən Arif Hüseynovun, Fərman Qulamovun, eləcə də mərhum Kamal Əhmədin, Zakir Hüseynovun rəngkarlıq və qrafika əsərləri tamaşaçıda zəngin təəssürat yaradır.
   Bundan əlavə, milli təsviri sənətimizin uğurlarını həm yerli, həm də xarici sərgilərdə davam etdirən Orxan Hüseynov, Müseyib Əmirov, Vüqar Muradov, Elnur Babayev, Niyaz Nəcəfov, Elyar Əlimirzəyev, Toğrul Ağababayev, Səfərəli Əliyev, İnna Kostina, Zöhrab Xələfov kimi orta və gənc nəslin təmsilçiləri olan rəssamların sərgidə nümayiş olunan əsərləri də yüksək bədii məziyyətləri ilə tamaşaçı diqqətini özünə cəlb edir.
   
   Yeganə