Xalq yazıçısı Elçinin istedadlı gənc rəssam Məryəmin “Mənim gözəl dünyam” albomu haqqında yazdığı “Məryəmin missiyası” essesi Moskvada, “Kultura” qəzetində dərc edilib.
   
   Essedə Məryəmin fırça ilə ifadə etdiyi mənəvi dünyası təhlil olunur, onun çəkdiyi şəkillərin emosional təsirindən, bu tabloların özünəməxsusluğundan bəhs edilir.
   Məryəmin yaradıcılığı təkcə respublikamızda deyil, xarici ölkələrdə də görkəmli sənət adamlarının diqqətini cəlb edib, onların yüksək qiymətini alıb.
   Paris Nanter Universitetinin müasir incəsənət üzrə professoru, tanınmış fransız sənətşünası Terri Dyufren gənc rəssamın əsərləri haqqında yazdığı rəyi “Məryəm - içində işıq gəzdirən rəssamdır” adlandırıb. O, yazır ki, bu işıq əhatə olunduğumuz mürəkkəb dünyanı görmək və dərk etmək üçün bizə kömək edir.
   Tanınmış alman sənətşünası, Berlin İncəsənət İnstitutunun professoru İnqe X.Şmidt isə yazır ki, mən əvvəllər Məryəmin əsərləri ilə tanış olsaydım Berlin Rəssamlıq Akademiyasındakı tələbələrimə “Məryəmin çəkdiyi şəkillərə baxın və ondan öyrənin!” - deyərdim.
   Bu günlərdə gənc rəssam Məryəmin həyatında fərəhli hadisə baş verib. O, müsabiqədən keçərək Paris Ali Dekorativ Sənət Məktəbinə daxil olub.