Bu il 10-dan çox bədii filmin tamamlanması nəzərdə tutulur
   
   Son dövrdə Azərbaycanda kino istehsalı genişlənib. Dövlət sifarişilə çəkilən filmlərin sayının artması bu prosesə müsbət təsir edir. 2010-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi tammetrajlı bədii filmlərin istehsalını C.Cabbarlı adına “Azərbaycanfilm” və “Salnamə” kinostudiyalarında həyata keçirir. Nazirliyin Kinematoqrafiya şöbəsinin Milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcovdan tamamlanmış, çəkilməkdə olan və ilkin hazırlıqları gedən filmlər barədə ətraflı məlumat aldıq.
   
   “Aktrisa”, “Ölüm növbəsi” və “Vəkil hekayətləri” bu ay hazır olacaq
   
   Rejissoru Rövşən İsaq, ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsaq və Vüqar Əmirov olan “Aktrisa” filminin iyunun sonunadək hazır olması gözlənilir. İlqar Fəhminin eyniadlı povesti əsasında çəkilən ekran əsərinin operatoru Rövşən Cavanşiroğlu, bəstəkarları Nazim Əhmədov və Vasif Arifoğludur. Çəkilişləri Bilgəhdə, Bakının küçələrində və Gəncədə aparılıb.
   İyunun sonunadək çəkilişləri tamamlanacaq digər filmlər isə “Ölüm növbəsi” və “Vəkil hekayətləri”dir. Rejissoru Fikrət Əliyev, ssenari müəllifi İlqar Fəhmi olan “Ölüm növbəsi”ndə hadisələr Bakı kəndlərində baş verir. Operatoru Rafiq Quliyev, rəssamı Mayis Ağabəyov, bəstəkarı Səyavuş Kərimidir. Çəkilişlər Novxanı, Bilgəh, Buzovna və digər Bakı kəndlərində aparılıb.
   Ülviyyə Könülün quruluş verdiyi “Vəkil hekayətləri”nin isə ssenari müəllifləri Səidə Vəliyeva və Ramiz Fətəliyev, bəstəkarı Rəşad Həşimovdur. Ekran əsəri bir vəkilin başına gələn hadisələrdən bəhs olunur.   

   “Kuklalar” 45-ci Beynəlxalq Karlovı Varı festivalına göndərilir
   
   Rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi artıq hazırdır. Ssenari müəllifi Ramiz Fətəliyev və Çingiz Rəsulzadə, operatoru Yuri Varnovski, rəssamı Rövşən Mehdiyev olan filmə 45-ci Beynəlxalq Karlovı Varı kinofestivalına göndərilməsi üçün ingilis subtitrləri yazılır. Ekran əsəri ötən əsrin 80-ci illərinin sonunda Bakıda peyda olan canlı kuklalardan söz açılır.
   Rejissoru və ssenari müəllifi Yavər Rzayev olan “İlahi heyvan” bədii filminin tamamlanması üçün isə iki ay vaxt lazımdır. Səsləndirmə mərhələsində olan film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Çəkilişlər Quba rayonunun Xınalıq, Qalaxudat kəndlərində və Yardımlı rayonunda aparılıb.
   
   “İstanbul reysi”, “Kabus” və “Buta”
   
   Rejissor Eldar Quliyevin çəkdiyi “İstanbul reysi” filmi də artıq hazırdır. Melodramanın ssenari müəllifi Eldar Quliyev və Ramiz Fətəliyev, operatoru Kənan Məmmədov, rəssamları Rafiq Nəsirov və Rafis İsmayılovdur. Filmin musiqisi böyük sənətkar, mərhum Müslüm Maqomayevə məxsusdur. Film bir çox mənəvi dəyərlərin aşınmaya məruz qaldığı cəmiyyətimizin ayrı-ayrı qütblərində təklənən iki nəfərdən - kişi və qadından bəhs edir. Onların biri imkanlı, digəri imkansız olsa da, öz yalnızlıqlarını bir-biri ilə unutmağa çalışırlar və buna nail olurlar. Ancaq son ana qədər bu bütövlüyü qoruyub saxlamaq mümkün olmur. “İstanbul reysi”nin çəkilişləri Bakıda və İsmayıllının Basqal kəndində aparılıb.
   Azərbaycan və Fransa kinematoqrafçılarının istehsalı olan “Kabus” filminin rejissoru və ssenari müəllifi Rüstəm İbrahimbəyov, operatoru Murad Əliyev, bəstəkarı Səyavuş Kərimidir. İyul ayında hazır olacaq film qocalmaqda olan fransız aktyorunun Marseldə keçirilən teatr festivalında gənc azərbaycanlı aktrisaya vurulmasından və onun 1990-cı ilin yanvarında Bakıya gələrək Azərbaycan dövlətinin müstəqillik uğrunda mübarizəsini dəstəkləməsindən bəhs edir. Filmin təqdimat mərasimi əvvəlcə Bakıda, sonra isə Marseldə olacaq.
   İlkin variantı hazır olan “Buta” filminin rejissoru və ssenari müəllifi İlqar Nəcəf, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədovdur. Film tam şəkildə avqust ayında hazır olacaq. Ekran əsəri belə açıqlama ilə başlayır: “Buta məlum olmayan zamanlarda yaranıb. Parçaların, freskaların üzərində naxışdır. O, həyatın özüdür”.
   Film sabun istehsal edən böyük bir şirkətin menecerinin uzaq bir dağ kəndinə düşməsindən danışır. Elə bir kənd ki, burada insanlar qablaşdırılmış, etiketləşdirilmiş sabun görməyiblər. Menecerlə kəndçi qız Qönçə bir-birilərini sevirlər. Böyük şəhərdən gəlmiş bu adam get-gedə həmin kəndin insanlarına oxşamağa başlayır. Çünki kənddə bütün hadisələrin hamısı muncuq kimi bir-birinin ardınca düzülüb. Bu muncuq da əslində xalçadır.  

   “Bəşəriyyətin xilası” və “Qardaşdan yaxşısı yox imiş”
   
   Keçən il istehsala buraxılan və bu il çəkilişlərinə başlanılan “Bəşəriyyətin xilası” detektiv filminin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Elmira Şamaxinski, operatoru Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərovdur. Hazırda çəkilişləri davam edən film Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alimin yeni kimyəvi məhlul əldə etməsindən danışır. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyilə insanın yaddaşının müəyyən bir hissəsini silib ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda bu yolla insaniyyəti narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür.
   İki qardaşın münasibətlərindən bəhs edən və üzərində tamamlanma işləri aparılan “Qardaşdan yaxşısı yox imiş” filminin rejissoru Murad İbrahimbəyov, ssenari müəllifləri Maqsud İbrahimbəyov və Murad İbrahimbəyovdur. Filmin çəkilişləri İçərişəhərdə, Buzovnada, Şəkidə, Sibirdə və Bolqarıstanda aparılıb. Ekran əsəri Maqsud İbrahimbəyovun “Qardaşdan yaxşısı yox imiş” hekayəsi əsasında lentə alınıb.
   
   “Tərsinə çevrilmiş dünya” və “Qisas almadan ölmə”
   
   Bu il istehsalata buraxılan “Tərsinə çevrilmiş dünya” filminin rejissoru Ənvər Əbluc, ssenari müəllifi Çingiz Abdullayevdir. Azərbaycanlı polis zabitinin narkomafiyaya daxil olmasından bəhs edən filmin çəkilişləri davam edir.
   “Qisas almadan ölmə” filminə isə rejissor Oqtay Mirqasımov quruluş verəcək. İlkin mərhələdə olan filmin rejissor ssenarisi üzərində iş gedir.
   “Vətən and yerimizdir” müsabiqəsinin qalibi olan İsmayıl Səfərəliyevin “Mən evimə qayıdıram” ssenarisi “Salnamə” kinostudiyasında istehsalata buraxılacaq. Filmə rejissor Şamil Əliyevin quruluş verəcəyi deyilsə də, C.Fərəcov hələ bunun dəqiqləşmədiyini bildirdi.
   
   “Qorxma, mən səninləyəm - 2” layihəsi üzərində iş gedir
   
   “Qorxma, mən səninləyəm - 2” (rejissor Yuli Qusman, ssenari müəllifi Çingiz Abdullayev, Yuli Qusman) kinolayihəsi Azərbaycan və Rusiyanın müştərək filmi kimi nəzərdə tutulur. Qeyd edək ki, 1981-ci ildə çəkilmiş birinci filmdə hadisələr XIX əsrin sonu - XX əsrin əvvəllərində cərəyan edir. Filmdə zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. İkinci filmdəki hadisələrin isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verəcəyi gözlənilir.
   Qeyd edək ki, hazır olacaq filmlərin 2 avqust - Milli Kino Günündə və payız aylarında təqdimatı gözlənilir.
   
   İntiqam Hacılı