ABŞ-ın Alabama Hantsvill Universitetinə dəvət olunmuş azərbaycanlı tələbələr İREX təşkilatının “İctimai məsuliyyət üzrə Azərbaycan tələbə liderləri üçün Birləşmiş Ştatlar institutu tədrisi” layihəsi çərçivəsində “Azərbaycan günü” keçiriblər.
   Universitetin “Frank Franz Hall” zalında 100-dək xarici qonağın iştirakı ilə keçirilən tədbir “Yallı” rəqs musiqisi ilə başlayıb.
   Azərbaycanlı tələbələr Samir Qədirov və Linara Əliyeva Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, musiqisi, milli geyimləri, milli mətbəxi, atributları və şəhərləri haqqında təqdimatla çıxış ediblər.
   Tədbirin bədii hissəsində Könül Hüseynova Cəmilə Əhmədzadənin ifa etdiyi “Sarı gəlin” xalq mahnısının sədaları altında milli rəqslərimizdən ibarət kompozisiya göstərib.
   Layihə çərçivəsində gənclərin Arizona ştatına və Vaşinqtona səfərləri də nəzərdə tutulub. Hər ştatda Azərbaycanla bağlı xüsusi bir günün keçirilməsi planlaşdırılıb.