“Xınayaxdı” folklor kollektivi tatların toy mərasimi ənənələrini yaşadır
   
   Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu, tolerantlıq mühitini yaşadan çoxmillətli ölkədir. Ölkəmizdə yaşayan müxtəlif etnik qrup və milli azlıqların mədəni inkişafına, rəngarəng mərasim və ayinlərinin, adət-ənənələrinin qorunub saxlanılmasına dövlət tərəfindən hər zaman diqqət və qayğı göstərilir.
   
   Respublikamızın bölgələrində ayrı-ayrı etnik qrupların özfəaliyyət kollektivlərinin, folklor qruplarının fəaliyyəti də bu diqqət və qayğının göstəricisidir. Belə yaradıcı kollektivlərdən biri də Şabran rayonunun Dağbilici kəndində fəaliyyət göstərən tatlardan ibarət “Xınayaxdı” folklor qrupudur. Kollektiv rayon və respublika miqyaslı bir sıra mədəni tədbirlərin fəal iştirakçısıdır. Folklor qrupu iyun aynda Bakıda “Azərbaycan - doğma diyar” devizi altında keçirilən Milli Azlıqların İncəsənəti III Respublika Festivalının da iştirakçısı olub.
   Şabran rayonu Dağbilici kənd mədəniyyət evinin direktoru, “Xınayaxdı” folklor qrupunun üzvü Rəna Ağasıyevanın bildirdiyinə görə, kollektiv 1986-cı ildə tatların adət-ənənələrini yaşatmaq, gələcək nəsillərə ötürmək məqsədilə yaradılıb: “Toy mərasimlərini, milli bayramları və digər əlamətdar günləri dədə-baba adətləri ilə xüsusi təmtəraqla keçiririk. Toy mərasimlərini xüsusilə qeyd etmək istərdim. Toylar əsasən xüsusi qurulmuş mağarlarda və tatların özünəməxsus adətləri çərçivəsində keçirilir. Toy adətlərimizdən biri xınayaxdı gecələridir. Əvvəllər toy üç gün davam edirdi və sonuncu, 3-cü gün xınayaxdı gecəsi keçirilirdi. Səhərisi, 4-cü gün isə bəyi toy mağarına gətirirdilər və həmin gün axşamçağı gəlini oğlan evinə gətirirdilər. Bununla da gəlin öz yeni evinə köçmüş sayılırdı”.
   “Xınayaxdı” folklor kollektivinin yaşatmağa çalışdığı toy adətlərindən biri də “Yaylıq atma” mərasimidir: “Qız evindən və oğlan evindən yaylıq gətirilir və toy mərasimində sağ tərəfdən oğlan evinin, sol tərəfdən qız evinin yaylığı ortaya atılır. Bu birləşmə, qovuşma mənasını verir. Baxmayaraq ki, bəzi yerlərdə yaylıq “ayrılıq” anlamını verir, bizim adətlərə görə bu mərasimdə yaylıq birləşmə mənasındadır”.
   Tat toylarında gəlinin geyimi də özünəməxsus olur: “Bizim adətlərə görə gəlinlik donu adətən qırmızı rəngdə olur. Lakin müasir zamanda daha çox ağ gəlinlik dəbdə olduğundan bizim kənddə də həm qırmızı, həm də ağ gəlinlik geyinilir”.
   “Xınayaxdı” folklor xalq kollektivinin 55 nəfər üzvü var. Yaşlıdan cavana hər kəs öz işini məharətlə görür. Ən gənc üzvün 8 yaşı var. Kollektiv adətən milli geyimdə çıxış edir. Folklor kollektivinin milli bayramımız olan Novruzda səməni bişirmə, səməni döymə, güləş, müxtəlif oyunları hazırlayıb nümayiş etdirməsi də xüsusi maraqla qarşılanır.
   “Xınayaxdı” folklor xalq kollektivinin qoruyub saxladığı qədimi şalın isə maraqlı tarixçəsi var. “Sərhəd şalı” adlanan bu şalın təxminən 100 yaşı var. Bundan başqa, qədimi güzgü, mis və saxsı çıraqlar, qədim geyim nümunələri də qorunub saxlanılır.
   “Xınayaxdı” folklor xalq kollektivinin rəhbəri Bayram Ağasıyev kollektivdə müxtəlif mərasimləri həyata keçirən təhsilli peşəkar musiqiçilərin də olduğunu bildirdi: ”Kollektivin musiqi və səhnə tərtibatı, həmçinin mərasim və ya tədbirlərdə hazırladığımız səhnələrin instrumental hissələrinin musiqi tərtibatı mənim üzərimə düşür. Kollektivdə peşəkar musiqiçilər var. Tatlara məxsus, ta qədimdən qulağımızın eşitdiyi xalq musiqilərinin nota alınması ilə də məşğul oluruq. Təxminən 30-35 folklor nümunəmiz var. Həmçinin qədim kitablarda olan xalq nəğmələrimizi səhnələşdiririk. “Gülbaşmaq” adlı tat xalq mahnısını tamaşa üzərində qurmuşuq. Bu mahnını xınayaxdı gecələrində kollektivin qızları ifa edirlər. Süjet isə belədir: oğlan bir qızın başmağını oğurlayır. Qız başmağını oğurlayanı biləndə başmağı geri qaytarmağı tələb edir. Oğlanın isə başmağı oğurlamaqda məqsədi var. Bu dialoqdan sonra, nəhayət, qız deyir ki, həmişəlik yarın olaram, ver mənim gül başmağımı. O zaman oğlan razılaşır və başmağı geri qaytarır”.
   Bayram Ağasıyev kollektivin bir çox dövlət tədbirlərində iştirak etdiyini vurğuladı:
   “Folklor kollektivi olmağımıza baxmayaraq istənilən mərasimə uyğun səhnələşdirmələr edirik. Həm tat, həm də Azərbaycan dilində musiqilərlə, xüsusilə vətənpərvərlik mahnıları ilə çıxış edirik”.
   
   Reyhan İsayeva