Şəhla Əsgərova: “Azərbaycan xalçasını əcnəbilərə təbliğ etməkdən zövq alıram”
   
   Xalçaçı-rəssam Şəhla Əsgərovanın iş üslubu onu digər həmkarlarından fərqləndirir. O, xalçaları toxuma üsulu ilə deyil, tikmə texnikası ilə ərsəyə gətirir. Şəhla Əsgərova 2000-ci ilədək dekorativ-tətbiqi incəsənətlə sırf «hobbi» olaraq məşğul olub. Həmin il ilk şəxsi sərgisini keçirdikdən sonra incəsənətin bu növü ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Sonrakı illərdə incəsənətin bu növü üzrə 20-dən artıq sərgi və respublika yarışmalarında iştirak edib, sənətkar kimi daha da püxtələşib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən “Rem Fuar” beynəlxalq sərgisində Azərbaycanı təmsil edərək, diploma layiq görülüb. 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi həvəskar rəssamların və tətbiqi-sənət ustalarının işlərindən ibarət “Respublika Baxış Müsabiqəsi”ndə xalçaçılıq üzrə III dərəcəli diplomla təltif olunub.
   
   Xalçaçı-rəssam bizimlə söhbətində öncə bu sənətə marağın necə yaranmasından söz açdı:
   - Mənim nənəm xalçaçı olub. Əslinə baxsaq, bu qabiliyyət mənə irsən keçib. Uşaqlıqdan nə isə tikməyə, yaratmağa meylim olub. Xalçaları çox sevirdim, bilirdim ki, içimdə nə isə bir qabiliyyət var. Televiziya kanallarında xalçalara həsr olunmuş bütün verilişlərə baxırdım. Sonra başladım bu haqda kitablar oxumağa. Sərgilərə gedib bu sənətin peşəkarları ilə görüşdüm, onlardan məsləhətlər aldım. Xalçaçılıq böyük sehrli dünyadır. Onun hər naxışı, hər addımı bir sehrdir.
   İlk fərdi sərgim keçiriləndən sonra artıq bu işlə ciddi məşğul olmağa başladım.
   Xalçaçılığa o qədər aludə oldum ki, bütün işlərimi bir kənara atdım. Düşünürəm ki, mən öz yolumu tapdım. 2005-ci ildə Rəssamlar İttifaqına üzv olmağım da əməyimin nəticəsi idi.
   Əvvəl işlərim zəif olurdu, sonra üzərimdə işlədim və püxtələşdim. Ümumiyyətlə, mən bu sahədə heç kəsin getmədiyi yolları axtarırdım. İstəyirdim öz yolum, fərdi üslubum olsun. Ona görə də xalçaları tikmə texnikası ilə işləməyə başladım. Sonralar bildim ki, vaxtilə Lətif Kərimov bu barədə deyib ki, bizdə toxuma xalçalar var, maraqlı olardı ki, tikmə texnikası ilə də işlənsin. Tikmə texnikasında xalçalar iynə və sapla tikilir. Sanki hovsuz xalılar kimi görünür. Çünki onları xalça sapları ilə tikirəm. Dünya muzeylərində saxlanılan xalçaların nümunəsini hazırlayıram. Əl işlərim arasında Azərbaycan, türk, İran xalçalarının surətləri çoxluq təşkil edir. Əsas kolleksiyam bundan ibarətdir. Azərbaycanda bu texnikada heç kim işləmir. Fərqli üslubuma görə 2008-ci ildə mükafatlandırılmışam. Bu mövzuda müxtəlif konfranslarda, simpoziumlarda iştirak edirəm.
   - Bu texnikanı öyrətdiyiniz tələbələriniz var?
   - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyinin təşkil etdiyi “Qadınlar mərkəzi” var. Onların proqramlarında iştirak edərək, qadınlara bədii tikmədən dərs deyirəm. Mərkəzə Əfqanıstan, İran, Çeçenistan, İraq və başqa ölkələrdən qaçqın olan qadınlar gəlir. Dərslərimə gələn qadınlara Azərbaycan xalçalarının ornamentini öyrədirəm. Onlar burada maraqlı işlər tikir və bu işləri sərgilərə çıxarırlar. Satış-sərgilərdən əldə olunan gəlir onların özlərinə sərf olunur. Bir layihəni «Japan organization of support to Chechen children» təşkilatı dəstəkləyir. Bu təşkilatın dəstəyi ilə çeçen qaçqın uşaqlarına bədii tikmə sənətinin öyrədilməsi ilə məşğul oluram. Bu layihələr artıq neçə ildir ki, davam edir.
   - Əcnəbilərə Azərbaycan xalça naxışlarını öyrənmək çətin olmur?
   - Xalça sənətində Əfqanıstan, İran və s. ölkələrin öz naxışları var. Amma bizim xalçalarımız çox zəngindir. Ona görə də onlar bizim xalçalarımızı öyrənməyə daha çox maraq göstərirlər. Mən onlara bizim xalça sənətini, naxışlarımızı öyrətməkdən zövq alıram. Onlar da bu dərslərə böyük həvəs göstərirlər. Bu layihələri aparmaqla, düşünürəm ki, mən də milli xalça sənətimizin təbliği üçün nə isə etmiş oluram.
   - Beynəlxalq «TİSA» məktəbində də uşaqlara bu sənəti öyrətmisiniz...
   - Həmin məktəbdə Bakıda fəaliyyət göstərən diplomatların uşaqları oxuyur. İki il bu proqramı gerçəkləşdirdik. Tikmə sənəti üzrə mən və başqa rəssamlar dərs keçirdik. Hər dərsdə Azərbaycan xalça naxışlarını öyrədirdik. 2009-2010-cu dərs ilində «Bakı international school»da da belə layihə reallaşdırdıq. Bu məktəbdə də səfirliklərin nümayəndələrinin uşaqları oxuyur. Məktəbdə bir il ərzində kurs apardım və o uşaqlara da Azərbaycan xalçasını öyrətdim. Hər dərsdən əvvəl öncə onlara məlumat verirdim, sonra əyani şəkildə göstərirdim. Onu deyə bilərəm ki, onlar üçün Azərbaycan xalçasını öyrənmək maraqlı idi.
   Dərs verdiyim şagirdlərin əl işlərini sərgilərdə görmək mənim üçün ən böyük hədiyyədir. Şagirdlərimizin gözəl əl işləri var. Onlar Azərbaycan xalçalarını tanıyırlar və düşünürəm ki, əsas əməyimin nəticəsi də elə budur. Onlar öz ölkələrinə gedəcəklər. Öyrəndikləri isə daima onlarla olacaq. Burada öyrəndiklərini başqalarına da təqdim edə biləcəklər.
   Xaricilər dərslərimi izlədikdən sonra deyirlər ki, sənin həm rəssam, həm də pedaqoq kimi bacarığın var. Mən heç vaxt dərslərimdə iştirak edənlərə heç nəyi məcbur etmirəm. Deyirəm ürəyiniz nə qədər istəyirsə, dərslərimdə o qədər oturun. Sən onlara sərbəstlik verirsən və onlar bu sərbəstlikdə Azərbaycan xalçasını öyrənməyə çox maraq göstərirlər.
   - Bütün bu işlərin gerçəkləşməsində sizə yardım göstərənlər, dəstək olanlar varmı?
   - Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzi mənə daima işimdə dəstək olaraq, sərgilərə dəvət edir. Rəssamlar İttifaqı, rəssamlardan Kübra Əliyeva, Ofeliya Mirzəzadə mənə kömək göstərdilər. Xalça Muzeyindən də böyük dəstək gördüm. İşlərimdən bir neçəsi alınaraq, Xalça Muzeyində saxlanılır. Bütün bu dəstəklər mənə güc verir və həvəsləndirir. Hər dəfə ortaya fərqli işlər çıxarmaq istəyirəm. Bu ildən etibarən xalçaları muncuqla tikməyə başlamışam. İyulun 29-da Muzey Mərkəzində keçirilən sərgidə bu səpkidə hazırladığım üç iş təqdim etdim. Həmin işlər Sankt-Peterburqda keçiriləcək sərgidə də təqdim olunacaq.
   - Aprel ayında Azərbaycan nümayəndə heyətinin tərkibində Aşqabadda keçirilən «Türk xalqlarının mədəni irsi» mövzusunda beynəlxalq festivalda iştirak etmişdiniz. Oradakı sərgi sizin üçün nələrlə yadda qaldı?
   - Həmin tədbirə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və başqa ölkələr qatılmışdı. Festival çərçivəsində Türkmənistanın Milli Sənət Muzeyində türkdilli ölkələrin tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi açıldı. Sərgidə Azərbaycandan Nailə Sultanova, Nahid Vahabov, Vahid Məmişov və mənim əl işlərim sərgiləndi. Sərgimiz çox bəyənildi. Mən sərgiyə işlədiyim araqçınlarımı da aparmışdım. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini araqçınlardan birini alıb, başına qoydu. Festival günlərində Türkmənistanda keçirilən at bayramına da getdik. Mənim apardığım işlərin arasında at təsvirləri var idi. Muncuqdan tikilmiş at rəsmini Türkmənistan prezidentinə hədiyyə etdim.
   Onu da deyim ki, mən 2007-ci ildə TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyədə keçirilən sərgidə də Azərbaycanı təmsil etmişəm. Təqdim etdiyim işlər iştirakçıları çox maraqlandırmışdı. Hazırda isə gələcək sərgilərə nə çıxaracağım haqda düşünürəm. Çalışıram ki, hər dəfə maraqlı işlərlə sərgilərə qatılım. İmkan olsa, başqa ölkələrdə keçirilən sərgilərə də qatılacağam. Düşünüb, yeni işlər ortalığa çıxarmaq istəyirəm. İnsanları sənətdə yenilik çox maraqlandırır.
   
   Gülər Nizamiqızı