Onların arasında Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin şagirdləri də var
  
 
   Xəbər verildiyi kimi, bu il iyunun 1-də Çexiyanın Lidise şəhərində 39-cu Beynəlxalq uşaq incəsənət sərgisi keçirilmişdi. 
  II Dünya müharibəsi zamanı alman faşistləri tərəfindən yerlə-yeksan edilmiş Lidise kəndində qətlə yetirilən uşaqların xatirəsinə həsr olunan sərgi 1973-cü ildən beynəlxalq xarakter alıb. Dünyanın ən böyük uşaq sərgisi 2001-ci ildən Çexiya Mədəniyyət, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, UNESCO üzrə Çexiya komissiyasının himayəsi altında keçirilir.
   “Bura mənim yaşadığım yerdir, bu mənəm” mövzusunda keçirilən builki sərgiyə 66 ölkədən 25 min əsər göndərilmişdi. Onlardan 1471 əsər münsiflər heyəti tərəfindən mükafata layiq görülmüşdü.
   Azərbaycandan göndərilən sənət əsərləri içərisində, bütövlükdə 21 əsər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin 12 yaşlı şagirdi Fərhad Məhərrəmov və Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Günel Şərəfxanova (15 yaş) təqdim etdikləri rəsm əsərlərinə görə medala layiq görülüblər. Bakı, Gəncə, İsmayıllı, Lənkəran uşaq incəsənət məktəblərinin şagirdləri də müvafiq tərifnamələr qazanıblar. Bərdəli yeniyetmə rəssamlar Yasəmən Əliyeva (15 yaş), Hafiz Bayramlı (13 yaş), Əjdər İsmayılov (15 yaş), Günay Məmmədli (14 yaş), Təhminə Məmmədova (14 yaş) və Rauf Baxşəliyevin (15 yaş) çoxsaylı rəsmlər toplusuna görə münsiflər heyəti 1 saylı Uşaq İncəsənət Məktəbini də medala layiq görüblər. Bütövlükdə Azərbaycanın gənc rəssamları bu sərgidə 3 medal, 18 tərifnamə qazanıblar. Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Lidise-2011” 39-cu Beynəlxalq uşaq incəsənət sərgisində yer tutmuş yeniyetmə rəssamlarımızı təbrik edib, onlara uğurlar arzulayıb. Beynəlxalq sərginin əsasnaməsinə görə, mükafatlar oktyabr ayında Lidise şəhərində təqdim olunacaq.
   Bərdəli gənc rəssamların bu nailiyyətlərinin əldə olunmasında onların peşəkar rəsm müəllimləri Məsləhət Məmmədov və Etibar Qubadovun böyük zəhməti olub. Onlar balaca istedadlara rənglər dünyasının sirlərini öyrətmək üçün bilik və bacarıqlarını əsirgəmirlər. Ümidvarıq ki, 2012-ci ildə keçiriləcək növbəti, 40-cı Beynəlxalq uşaq incəsənət sərgisində də gənc rəssamlarımız uğurla çıxış edəcəklər.