Dünya şöhrətli sənətkar, Azərbaycanın və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının (AEİA) incəsənət bölməsi üzrə həqiqi üzv seçilib. Bu qərar AEİA-nın nominasiyalar üzrə komitəsi tərəfindən qəbul edilib.
   Avropa Elm və İncəsənət Akademiyasından verilən məlumata görə, 2012-ci il martın 13-də təntənəli plenar iclas keçiriləcək. Akademiyanın üzvlük şəhadətnaməsinin Tahir Salahova məhz həmin iclasda təqdim edilməsi planlaşdırılır.
   Xatırladaq ki, hazırda Avropa Elm və İncəsənət Akademiyasının 1400-dən çox üzvü var. Akademiyanın məşhur üzvləri arasında Roma Papası XVI Benedikt və 28 nəfər Nobel mükafatı laureatı var. Akademiya Avropada fəaliyyət göstərən transmilli fənlərarası təşkilatdır.
   Avropa Elm və İncəsənət Akademiyası yeddi bölmədən ibarətdir: humanitar elmlər, tibb elmləri, incəsənət, təbiət elmləri, sosial elmlər (hüquq və iqtisadiyyat da daxil olmaqla), texniki elmlər (ətraf mühitin mühafizəsi də daxil olmaqla) və dünya dinləri bölmələri. Bütün bu bölmələrdə müxtəlif layihələr həyata keçirilir, seminarlar və simpoziumlar təşkil edilir.