Ənənəvi “Molla Nəsrəddin” - Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə “Molla Nəsrəddin” satirik jurnalının 105 illiyinə həsr olunub. Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin sözlərinə görə, bu il dördüncü dəfə keçirilən müsabiqəyə 63 ölkədən 307 rəssam, 670 karikatura ilə qatılıb.
   “Narkotikə yox!” adı altında keçirilən müsabiqəyə beynəlxalq tərkibli münsiflər heyəti dəvət olunub. Münsiflər heyətinin qərarına görə, müsabiqənin qızıl medalına A.Qatto (İtaliya), gümüş medalına V.Kazanevski (Ukrayna), bürünc medalına M.Valiaxmetov (İspaniya) layiq görülüblər. Müsabiqənin xüsusi mükafatını B.Erenburq (İsrail), S.Aşmarin (Rusiya) və azərbaycanlı karikaturaçı Tural Həsənli qazanıb.