Tarix boyu müxtəlif inkişaf dövrləri keçmiş Azərbaycan təsviri incəsənəti özündə bir çox sənət sahələrini birləşdirən qədim irsə malikdir. İstər rəngkarlıq, heykəltəraşlıq, qrafika, istərsə də dekorativ-tətbiqi sənət sahəsindəki nailiyyətləri ilə dünya incəsənətinə əvəzsiz töhfələr vermiş ölkəmizdə bu gün də qədim sənət ənənələri qorunub saxlanmaqdadır.
Xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr, zərgərlik və döymə sənəti, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış kimi müxtəlif sənət sahələrini özündə birləşdirən Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri öz heyrətamiz gözəlliyi və işlənmə texnikasına görə dünya sənət tarixinin nadir incilərindəndir. Bu mədəni irsin maraqlı növlərindən biri də qurama sənətidir.
Yüzillər öncə kiçik ölçüdə qalmış parçalara dəyər vermək üçün kiçik, rəngarəng parçaların birləşdirilməsi yolu ilə müxtəlif məişət əşyaları, dekorativ nümunələr yaradılıb. Ortaya çıxarılan əşyalara zaman keçdikcə müxtəlif ornament və naxışlar əlavə edilmişdir. Bütün bu işləmələr zamanla bir sənətə çevrilib. Qurama sənəti ilə xanımlarımız çox qədim zamanlardan məşğul olublar. Bu ənənəni öz maraqlı axtarışları və fərqli dəst-xətti ilə davam etdirməyə çalışanlardan biri də Mehin Babayevadır.
Yaradıcılığa bədii tikmə ilə başlayan, daha sonra özünü toxuma sənətində də sınayan Mehin Babayeva axtardığını qurama sənətində tapdığını deyir. İlk baxışda rəngkarlıq nümunəsi kimi görünən bu işlərdə; mənzərə, insan, qab-qacaq, gül-çiçək və s. təsvirlərində yalnız müxtəlif növ parçalardan istifadə olunub. Onların hazırlanma texnikası karton, karandaş və parçalardan ibarətdir. Təsvir olunacaq obyektin karton üzərində rəsmi çəkilir. Daha sonra isə onun rənglənməsi boyalarla deyil, məhz müxtəlif növ rəngli parçaların yapışdırılması ilə yerinə yetirilir. Özü bu barədə belə deyir: “Mənim boyalarım parçalardır. Onların çeşidliliyi mənə bu işləri yaratmağa imkan verir”.
Onun “Üzümlük”, “Su pərisi”, “Payız mənzərəsi” adlı ilk işləri sənətə yenicə qədəm qoymuş insanın yaradıcı axtarışlarından xəbər verir. Rəng harmoniyasının ifadəli həlli ilə göz oxşayan bu işlərin ardınca özünü natürmort janrında sınayaraq maraqlı sənət əsərləri yaradır. Onlara diqqət yetirdikdə təsvir edilən obyektlərin canlı təsir bağışlaması, işıq-kölgə qanunlarına düzgün müraciət edilməsi diqqət çəkir. Məhz bu bacarıq onun işlərini digər qurama sənəti nümunələrindən fərqləndirir. Natürmortlarında təsvir edilən qabların fakturasının bu cür dəqiqliklə hiss etdirilməsi tamaşaçını heyrətə gətirir. Xüsusilə “Samovarlar” buna nümunədir. “Nərgizlər”, “Yasəmən”, “Qızılgüllər” adlı işləri isə gül və çiçək təsvirlərinin realistliyi ilə diqqətə layiqdir.
Mehin Babayeva öz işlərində Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənətinə də müraciət edib. Təbriz miniatürlərindən təsirlənərək yaratdığı “Leyli və Məcnun” və “Miniatür” adlı triptix silsiləsi xüsusilə maraq doğurur.
Şərq üslubunda geyinmiş və müxtəlif zinət əşyaları ilə bəzənmiş xanımların təsviri zərif, incə iş, yüksək səbr əsasında ərsəyə gəlib. Geyimlərin işlənməsində ipək parçalardan da istifadə edilib. Müxtəlif rakurslarda təsvir edilən xanımlar çox zərif və gözəldirlər. Tar, kamança, saz, balaban kimi xalq çalğı alətlərinin təsviri isə miniatürə xüsusi bir ovqat gətirir.
Qeyd etmək lazımdır ki, bu gün miniatür sənətinin tətbiqi və təbliği ilə bağlı mühüm işlər görülür. Xalq rəssamı Arif Hüseynovun bədii rəhbərliyi ilə yaradılan Xətai Miniatür Sənəti Qalereyası da buna bir nümunədir. Mehin Babayevanın yaradıcılığında bu qalereyanın rolu böyükdür. Qalereyada onun işlərinə yüksək qiymət verilməsi sənətə yeni qədəm qoymuş Mehin Babayeva üçün böyük dəstəkdir.
Onun maraqlı əl işləri arasında “Mələk”, “Dəvəçi” və “Dərviş” əsərlərini qeyd etmək olar. Məlumdur ki, sufi ayinləri musiqi ilə ifa olunurdu və sufi musiqisi səma elementləri ilə əlaqədardır. Dərviş rəqsləri adətən planetlərin fırlanmasının yerdə ifadəsi kimi şərh olunur. Mehin Babayeva da sanki “Dərviş” adlı əsərində bu anı təsvir edib. Boz fonda verilən dərviş müəyyən rəqs hərəkətlərinin təkrar edilməsi ilə artıq ekstaz vəziyyətinə düşüb.
Bir müddət sonra şəhər küçələri, binalar, şəhər memarlığı mənzərələri Mehin Babayevanın yaradıcılığında əsas təsvir obyekti kimi yer almağa başlayır. “Bakı küçəsi”, “Sahil kənarı”, “Sorrento”, “Venesiya”, “Mərakeş” və s. onun maraqlı əl işlərindəndir.
“Bakı küçəsi” quramasında şəhərin küçələrindən biri təbiətlə vəhdətdə təsvir edilib. Burada tünd-qəhvəyi, yaşıl, qırmızı rənglərlə açıq rənglərin kəskin kontrastda verilməsi, mənzərəyə dinamika gətirib. “Sahil kənarı” adlı iş isə Xəzər dənizinin sahilyanı möhtəşəm memarlıq nümunəsi, sirli abidə olan Qız qalasının və bir neçə binanın fonunda təsvir edilib. Qayıqların yelkənlərinin və dənizin təsvirində isə işıq-kölgə həllindən məharətlə istifadə təqdirəlayiqdir.
Quramalarda Bakı ilə yanaşı, digər şəhərlərin təsvirinə də yer verilib. İtaliyanın Sorrento, Venesiya şəhərlərinin, Mərakeşin təsviri verilən qurama nümunələri qeyri-adi gözəlliyi, rəng uyarlığı ilə göz oxşayır. “Mərakeş” adlı quramada mənzərəni “canlandırmaq” üçün qayıq üstündə bir neçə fiqur da təsvir olunub.
Mehin Babayeva bu işlərlə kifayətlənmir və yaradlcılıq axtarışlarını davam etdirərək sənətsevərləri yeni əsərləri ilə sevindirmək niyyətindədir.
Dilarə Müzəffərli,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi