Təsviri sənətimizin inkişaf tarixinə nəzər yetirdikdə neçə-neçə rəssamımızın özünəməxsus dəst-xəttə malik olduğunu, özünün fərdi yaradıcılıq üslubunu formalaşdırdığını görə bilərik. Yaradıcılığı bədii estetik keyfiyyətlərlə zəngin olan belə sənətkarlardan biri də Xalq rəssamı Nadir Əbdürrəhmanovdur (1925-2008).
   
   Nadir Qəmbər oğlu Əbdürrəhmanov 1925-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunda dünyaya göz açıb. Sənətkarın doğulub boya-başa çatdığı rayonun təbiəti onun erkən yaşlarından rəssamlıqla məşğul olmasına maraq oyatmışdır. O, ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1941-1944), sonra isə İ.Repin adına Sankt-Peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1947-1953) almışdır. Orada ona görkəmli fırça ustaları - A.Mılnikov və V.Oreşnikov rəssamlıq sənətinin incəliklərini tədris ediblər. Onu da qeyd edək ki, rəssam ilk ali təhsilini incəsənət istiqaməti üzrə deyil, tibb ixtisası üzrə alıb, 1944-1947-ci illərdə Tibb İnstitutunda oxuyub. Lakin rəssamlığa olan sonsuz marağı onu heç zaman rənglərə vurğunluğundan ayıra bilməyib.
   Nadir Əbdürrəhmanov Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri (1961-1970) və SSRİ Rəssamlar İttifaqının katibi (1963-1973) kimi nüfuzlu vəzifələrdə çalışıb. 1960-cı ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1964-cü ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Rəssam bir çox xarici ölkələrdə - Fransa, İtaliya, Norveç, Bolqarıstan, Şimali Koreya, İraq, Əfqanıstan və s. yaradıcılıq ezamiyyətlərində olub. Xarici ölkələrdə dəfələrlə əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub. Sənətkarın müxtəlif mövzulu yaradıcılıq nümunələri dünyanın nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
   Fırça ustasının yaradıcılığının əsas səciyyəvi xüsusiyyətləri kimi, onun daha çox lirik mövzulara müraciətini, mövzunun özünəməxsus bədii şərhini, kolorit həllinin zənginliyini və dekorativliyini göstərmək olar. Rəssam yaradıcılığının ilkin dövrlərində süjetli tabloların yaradılmasına daha çox üstünlük verib. O, yaratdığı süjetli tablolarda da mənzərə janrının imkanlarından məharətlə istifadə edib. Belə işlərə misal olaraq “Bakının görünüşü” (1954), “Sənaye mənzərəsi” (1954), “Yaylaqda” (1957) və s. əsərlərini göstərmək olar. Rəssamın həmin tablolarına nəzər yetirdikdə ciddi işlənilmə və klassik rəssamlıq ənənələrinə sadiqlik özünü qabarıq şəkildə büruzə verir.
   Nadir Əbdürrəhmanovun 1960-cı ildə cənub rayonlarına - Lənkərana və Lerikə səfəri onun yaradıcılığında dönüş nöqtəsi olub desək, yanılmarıq. Bu bölgələrin əsrarəngiz təbiəti, təbii gözəllikləri, insanlarının əməksevərliyi, zəngin etnoqrafik xüsusiyyətləri və adət-ənənələri sənətkarın xüsusi diqqətini çəkib, ən incə məqamlar həssas rəssam fırçasının qüdrəti ilə poetik ruhlu tablolarda əks olunub. “Çəltikbecərənlər” (1960), “Dağlarda qürub” (1963), “Lerik. Bahar” (1964) əsərlərində rəssam klassik təsviri sənət ənənələrdən yaradıcı şəkildə istifadə edərək yüksək bədii təsir gücünə malik tablolar yaradıb.
   “Çəltikbecərənlər” adlı əsərində kompozisiya bir qədər kəsilmiş formada təqdim olunub və obrazlar iri miqyasda işlənilib. Bu metod təsvir olunan predmetlərin ən incə detallarınadək əks olunduğunu və eyni zamanda rəssamın ustalıq məharətini göstərir. Surətlərin səmimi və gərgin hərəkətləri, eləcə də əsərin kolorit həlli ustalıqla həll edilib. Narıncı, boz və göy rəng keçidləri, tablonun ümumi harmoniyası seyrçinin diqqətindən yayınmır və insana xoş təsir bağışlayır. Sadalanan xüsusiyyətləri “Dağlarda qürub” adlı əsərinə də şamil etmək olar.
   Rəssamın cənub bölgələrinə həsr edilmiş çoxsaylı əsərlərini silsilə kimi də qəbul etmək olar. O, demək olar ki, yaradıcılığının bütün dövrlərində cənub bölgələrindən aldığı təəssüratla bu mövzuda uğurlu tablolar yaradıb. Belə əsərlərə nümunə olaraq “Sevimli naxışlar” (1967), “Talışlar” (1967), “Talış qızı” (1970), “Dağlarda bahar” (1970), “Qız portreti” (1971), “Talış qızları” (1971) və s. işləri qeyd etmək olar.
   “Sevimli naxışlar” adlı əsəri rəssamın ən uğurlu yaradıcılıq nümunələrindən biridir. Əsərdə xalça toxuyan üç qadının yaddaqalan obrazları canlandırılıb. Onların rəngbərəng ip topalarını sarıdıqları və yunların rənglənməsi səhnəsi olduqca təbii görünür. Surətlərin ritmik hərəkətləri və tablonun əlvan kolorit həlli yüksək bədii təsir qüvvəsinə malikdir. Bu yerdə mövzunun etnoqrafik ənənələrə bağlılığını da vurğulamaq yerinə düşər. “Talış qızı” əsərində də rəssam yenə toxuculuqla məşğul olan qızın ümumiləşdirilmiş obrazını yaradıb.
   Göründüyü kimi, talışların həyat tərzi və milli xüsusiyyətləri rəssamın diqqətini cəlb edib. “Talış qızları” əsərində rəssam gənc qızları bulaq başından qayıtdıqları zaman təsvir edib. Obrazların ifadəli baxışları, çöhrələrindən oxunan əməksevərlik əsərin diqqətçəkən cəhətlərindəndir. Tablonun kolorit həlli əsərin bədii emosional təsir gücünü daha da artırıb. Çəhrayı, qızılı və tünd rəng keçidlərinin əlaqələndirilməsi isə tablonun dinamikliyini qüvvətləndirir.
   “Dağlarda bahar” əsərində rəssam dağlarda yaşayan, gündəlik qayğıları ilə məşğul olan insanların əməyinin romantikasını həssas rəssam təxəyyülündən süzərək əlvan rəng palitrasının təkraredilməz boyaları ilə əks etdirib. Rəssam bu mövzuda daha bir əsərində - “Dağ adamları” tablosunda insanları köç məqamında təsvir edib. Mürəkkəb kompozisiya quruluşuna malik tabloda insanların at üzərində hərəkətli təsviri böyük ustalıqla və təkraredilməz ifadə vasitələri ilə yaradılıb. Öndə təsvir edilmiş qadının qucağında quzunu tutması və sol əli ilə atın yəhərini çəkdiyi səhnə olduqca cəlbedici görünür.
   Yuxarıda qeyd etdik ki, Nadir Əbdürrəhmanov bir çox ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub və orada rəssamın fərdi sərgisi təşkil olunub. Bu mənada rəssamın Moskva (1960, 1976), Şimali Koreya (1958) və İraqda (1978) təşkil olunan fərdi sərgilərini qeyd etmək olar. Rəssamın xarici ölkələrə həsr etdiyi əsərləri sırasında “Yeni Koreya” (1959), “Burqas limanı” (1961), “Dağlar. Yuqoslaviya” (1964), “Venesiya. Körpü” (1966), “Berqen. Norveç” (1966), “Bağdad” (1972), “Mosulda küçə” (1972), “Əfqanlar” (1972) və digər əsərlərinin adını çəkmək olar. Rəssamın sadalanan əsərlərinin hər birinə yüksək bədii sənət metodu ilə işlənilmə xüsusiyyətləri xasdır. Bu lövhələrdə hər bir ölkəyə məxsus əlamətlərin həssaslıqla, yaddaqalan rənglərin dili ilə canlandırılması diqqət çəkir. Rəssamın İraq və Əfqanıstan seriyasına daxil olan əsərləri özünün bədii ifadə vasitələrinə - kompozisiya və kolorit həllinə, məna və məzmun xüsusiyyətlərinə görə daha çox maraq doğurur.
   Nadir Əbdürrəhmanov bədii yaradıcılıqla yanaşı, həm də davamlı olaraq pedaqoji fəaliyyətlə məşğul olub. O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətin incəliklərini tələbələrə tədris edib, sonuncu tədris ocağında yaradıcılıq emalatxanasının rəhbəri və professoru olub. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş yaradıcı şəxslər də az deyil.
   Ali sənət amallarına sadiq qalaraq yaddaqalan əsərlər yaradan sənətkar dövlətimiz və xalqımız tərəfindən həmişə layiqincə qiymətləndirilib. Rəssam ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan incəsənətinin inkişafına və tərəqqisinə layiqli töhfələr bəxş etmiş Nadir Əbdürrəhmanov kimi sənətkarların xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
   
   Əsəd Quliyev,
   sənətşünas, Rəssamlar İttifaqının üzvü