Muzey Mərkəzində sərgi keçiriləcək
   
   Sentyabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Bakıda batika həftəsi” adlı sərgi açılacaq. Sentyabrın 22-dək davam edəcək sərgidə Azərbaycanın batika ustalarının əsərləri nümayiş olunacaq.
   Dekorativ-tətbiqi sənət növlərindən biri olan batika sənəti Azərbaycanda xalqımızın qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olub. Qədim ipəkçilik və kəlağayı sənətinin inkişafı, Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev, Tatyana Ağababayeva və digər müasir dövr batika ustalarımızın yaradıcılığı sayəsində Azərbaycan bu sənətin inkişaf etdiyi ölkələr arasında önəmli yer tutur.
   Lakin bütün bunlara baxmayaraq indiyədək Azərbaycan batika ustalarının iştirakı ilə sərgi keçirilməyib. Azərbaycan rəssamlarının və xalq sənətkarlarının yaratdığı nadir sənət inciləri hesab olunan batika əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə olaraq “Bakıda batika həftəsi” adlı sərgi təşkil olunacaq.
   Batika - tarixi kökləri əsrlərin dərinliyinə gedən, demək olar ki, heç dəyişilməyən bir sənət növü, parçanın bədii tərtibatıdır. “Batik” İndoneziya dilindən tərcümədə “mum damlası” mənasını verir. Artıq bu adın özündə hansısa ecazkar məna duyulur. Alovun və soyuğun təsiri altında bir su damcısı ilə kimyəvi maddələr necə bir haldan başqa hala düşürsə, batika da eləcə özündə çoxsaylı müəmmaları gizlədir. Od, su, torpaq və hava ünsürləri onun yaradılmasında iştirak edir. Bəlkə də buna görədir ki, batikanın hazırlanma prosesi özünəməxsus meditasiya forması hesab olunur. Batikaya yalnız gözəl sənət əsəri kimi deyil, hər bir xalqın mədəni irs nümunələrinin daşıyıcısı olan ruhi qida mənbəyi kimi yüksək fəlsəfi-mistik münasibət elə buradan meydana gəlib.
   İndoneziya, Malayziya, Peru, Yaponiya, Şri-Lanka və Afrika ölkələrində batika qədimdən pambıq parça üzərində işlənirdi. Əridilmiş mum üzərində balaca susəpən və ya nazik lüləyinlə zərif qatdan ibarət rəsm çəkilirdi. Sonradan boyakarlar təbii rənglərdən istifadə edərək nəfis əsərlər yaradıblar.