Sentyabrın 25-dən oktyabrın 3-dək Pekində Beynəlxalq animasiya və karikatura forumu keçiriləcək. Forumda ölkəmizi müxtəlif beynəlxalq müsabiqələrin qalibi, tanınmış karikaturaçı rəssam Seyran Cəfərli təmsil edəcək. Bu barədə məlumat verən rəssam Çində nüfuzlu “AYACC” Beynəlxalq karikatura yarışmasında münsif kimi iştirak etdiyi zaman foruma dəvət aldığını deyib.
   Forumda Dünya Karikatura Veb-Saytlar Federasiyasının qarşısında duran vəzifələr müzakirə olunacaq. İdarə heyətinə Azərbaycan, Almaniya, İran, Braziliya və Çinin tanınmış karikaturaçılarının daxil olduqları federasiyanın əsas məqsədi dünya üzrə karikaturaçı rəssamların sərgilərini keçirmək, onlar arasında əlaqələr qurmaq, hüquqlarını müdafiə etməkdən ibarətdir.
   S.Cəfərli həmçinin Pekin forumuna qatılmaq, eyni zamanda, Pekində fərdi sərgisinin açılması və əsərlərindən ibarət kataloqun nəşri barədə təklif aldığını da deyib. Bundan başqa, karikaturaçı-rəssam Braziliyadan da yaradıcılıq təklifi alıb. İlin sonunda Braziliyada S.Cəfərlinin əsərlərindən ibarət sərginin açılması nəzərdə tutulub.