Rəssamlarımızın əsərlərindən ibarət sərgi təşkil olunub
   
   Sentyabrın 1-dən 6-dək Serbiyanın Zemun şəhərində dünya karikatura muzeyləri və təşkilatları rəhbərlərinin III Beynəlxalq konfransı keçirilib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətindən bildiriblər ki, tədbirin Azərbaycan, Türkiyə və İrandan olan iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Belqrad şəhərində ucaldılmış abidəsini ziyarət ediblər.
   Konfransa Azərbaycan, Belçika, Hollandiya, Türkiyə, Bolqarıstan, Polşa, Fransa və İrandan dəvət olunmuş nümayəndələr öz ölkələrində karikatura janrının vəziyyəti, karikatura muzeylərinin və təşkilatlarının fəaliyyəti və onların qarşılaşdıqları problemlər haqqında təqdimatlarla çıxış ediblər.
   Tədbirdə ölkəmizi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil edib. Beynəlxalq konfrans çərçivəsində Azərbaycan rəssamlığında karikatura janrının yaranma tarixi və inkişafı barədə geniş məlumat verilib, karikaturaçı rəssamlarımızın əsərlərindən ibarət sərgi təşkil olunub.