Əməkdar artist, balerina, xoreoqraf Tamilla Nəzər qızı Məmmədovanın 28 il səhnə, 38 il pedaqoji iş stajı var. Ötən illəri fərəhlə yada salan Tamilla xanım deyir:
   
   - Uşaqlıqdan Əmircan qəsəbəsində yaşamışam, ailədə altı övlad idik. Hamının da musiqiyə, mahnıya, rəqsə böyük həvəsi vardı. Qonşu uşaqlarla birgə məhəllədə elə hay-həşir qoparırdıq ki... qayğısız, şən çağlarımız idi. Ancaq incəsənətlə ciddi məşğul olmaq mənim qismətimə düşdü. Anam Bəyim xanım rəqsə olan böyük marağımı görüb məni dərnəyə yazdırmışdı. Dördüncü sinifdən idman gimnastikasına getdim. Yaxşı uğurlarım vardı, həlqələr, lentlə gözəl rəqs edirdim. Qəsəbəmizdəki Mədəniyyət sarayında rəqs dərnəyi açıldıqdan sonra isə orada məşğul olmağa başladım. Bir gün müəllimim, balerina Maritsa Alekseyevna Syomina sabah dərsə valideynimlə gəlməli olduğumu dedi. Təəccübdən donmuşdum - axı, o, həmişə məni tərifləyir, bəs valideynimi niyə çağırır?! Ata-anama bir söz deməyib ertəsi gün böyük qardaşım Abdinlə məşğələyə gəldim. Müəllimə xanım məndən xeyli danışıb tərifləyəndən sonra Xoreoqrafiya Məktəbində məşğul olmağımı məsləhət gördü. Qardaşım da rəqsə həvəsli olduğundan (sonralar o, hərbçi sənətini seçdi) elə həmin an buna razılıq verdi və biz Xoreoqrafiya Məktəbinə yollandıq. Demə, ora 10 yaşında olan uşaqları götürürmüşlər, mən isə 4 il 6 ay gecikmişdim. Əvvəlcə etiraz etsələr də, müəlliməmin təkidi ilə mənim bacarığımı yoxladılar və məktəbə götürdülər. Sevincimin həddi-hüdudu yox idi, küçədə qışqırıb hamı ilə fərəhimi bölüşmək istəyirdim, uçmağa qanad tapmırdım.
   Sonralar uzaq yolları gəlib-getmək də sənətə olan həvəsimi öldürə bilmədi, dünyanın ən xoşbəxt adamı idim, göstərilən etimadı hər vəchlə doğrultmağa çalışırdım. Xoreoqrafiya Məktəbində təhsil alarkən SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Qəmər xanımın Almaszadənin tövsiyəsi ilə həm də Opera və Balet Teatrının balet truppasına cəlb edilmişdim (onu da deyim ki, heç bir istedadlı gənc onun diqqətindən kənarda qalmırdı). SSRİ-nin böyük şəhərlərində keçirilən müsabiqələrdə iştirak edib çoxlu diplomlara layiq görülürdüm. Xoreoqrafiyadakı müəllimlərim - İrina Davıdovna Kaqarlinskaya, Qəmər Almaszadə, SSRİ Xalq artisti Leyla xanım Vəkilova (hamısının ruhu şad olsun) məndən çox razı idilər, əlavə saatlarını da inandıqları gənclərə sərf etməkdən çəkinmirdilər.
   Görünür, elə buna görə də sonralar Ü.Hacıbəylinin “Koroğlu”, M.Maqomayevin “Şah İsmayıl”, J.Bizenin “Karmen” (hamısı Q.Almaszadənin quruluşunda), Q.Qarayevin “Yeddi gözəl” (R.Axundova və M.Məmmədov), “Leyli və Məcnun” (N.Nəzirova), F.Əmirovun “1001 gecə” (N.Nəzirova), Niyazinin “Çitra” (Danilova), A.Adanın “Jizel” (Q.Almaszadə və Fyodorova), L.Minkusun “Don Kixot” balet, A.Borodinin “Knyaz İqor” (N.Nəzirova) və s. məşhur opera tamaşalarında əsas, xarakter rəqslərin öhdəsindən layiqincə gələ bilmişəm. Təvazökarlıqdan kənar saymayın, bunun belə olduğunu illərlə arxivimdə topladığım qəzetlər yazırdılar.
   Balet truppası ilə dünyanın bir çox ölkələrində - dəfələrlə Fransada, Hindistanda, Mərakeşdə, SSRİ-nin bütün böyük şəhərlərində çıxış etmişəm. Həmin möhtəşəm salonlar, tamaşaçılar, izdiham, sürəkli alqışlar indi də yadımdan çıxmır. Baletdə xarakter rəqslərin ifası böyük bacarıq tələb edir. Elə ifa etməlisən ki, tamaşaçıya baxışın, hərəkətlərin, rəqsinlə hər şeyi anlada biləsən. İstedadın olması kifayət deyil, ritm, poetiklik, musiqi duyumu da əsas şərtlərdəndir. Bütün bunlar isə hazırda işlədiyim tədris müəssisələrində - Xoreoqrafiya Məktəbində (baş müəllim, metodist, Azərbaycan milli və dünya xalqlarının rəqsləri müəllimi), Mədəniyyət və İncəsənət Universitetində (“xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasının müəllimi kimi dünya xalqlarının rəqslərini keçirəm) inkişaf etdirilir, cilalanır, bir-birini tamamlayır. Oynayarkən sənin qəlbin oxumalı, bədənin rəqs etməli, gözlərin, üzün danışmalıdır. Balerinanın, rəqqasın dünyagörüşü geniş, mütaliəsi güclü olmalıdır. Hansı şəhərə getmişəmsə, oranın teatrlarında olub əksər tamaşalara baxmağa, nə isə öyrənməyə çalışmışam. Elə indi də öyrənməkdən çəkinmirəm. Bizim sənətimiz ciddiliyi, çalışqanlığı sevir, bir anı da hədər keçirmək olmaz. Məhz bunun nəticəsində milli rəqslərimizlə bərabər, dünya xalqlarının rəqslərini də eyni məhəbbət, həvəslə ifa etmişəm. Və bütün bildiklərimi həmişə öz şagirdlərimə, tələbələrə aşılamağa çalışmışam.
   Dərs dediyim tədris ocaqları da mənim üçün səhnə qədər əziz, şagirdlərim, tələbələrim isə oynadığım əsərlər kimi doğmadır. 38 il tədrislə məşğul olsam belə, indi də böyük həvəslə yeni dərs ilini səbirsizliklə gözləyirəm. Gənclərlə işləmək mənə güc, qüvvət verir. İstəyirəm ki, onlar mətin, iradəli, cəsarətli olsunlar, əzmlə bütün çətinliklərin öhdəsindən gəlsinlər. Uğurları çox olsun, ölkəmizin, xalqımızın adına hər yerdə şərəf gətirsinlər. Belə günlərdə bizlər də fərəhimizdən yerə-göyə sığmırıq. Tanrı bu sevinci biz müəllimlərdən əsirgəməsin. 

   İradə Əsədova