Akif Qürbətov: “Sənətkar sənətinə qiymət veriləndə, özünü xoşbəxt hesab edir”
   
   Prezident İlham Əliyevin 15 sentyabr 2011-ci il tarixli sərəncamı ilə təltif olunan sənət adamlarından biri də nəfəsli alətlərin mahir ifaçısı Akif Qürbətovdur. Sənətçi “Əməkdar artist” fəxri adının sevincini qəzetimizlə bölüşdü.
   
   Əslən Şamaxı rayonundan olan A.Qürbətov Bakıda dünyaya göz açıb. İxtisasca musiqi müəllimidir. Bütün nəfəs alətlərində ifa etməyi bacarır. Sovet dövründə fəaliyyət göstərən müxtəlif ansambllarda çalışıb, Azərbaycanı dünyanın bir çox ölkələrində təmsil edib. Hazırda təqaüdçü olsa da, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlərində və bir də özünün dili ilə desək, el şənliklərində həvəslə çıxış edir.
   
   «Valideynlərim musiqiçi olmağımı istəmirdilər»
   
   Sənətçidən öncə fəxri ad alması xəbərini eşidəndə hansı hisləri keçirdiyini soruşduq. Bu xəbəri sonsuz sevinclə qarşıladığını dedi: «Əslində bu xəbər mənim üçün o qədər gözlənilməz oldu ki, eşidəndə əvvəlcə inanmadım. Sevimli xanəndəmiz Zabit Nəbizadə gecə saatlarında zəng vurub məni təbrik etdi. Bildirdi ki, Əməkdar artist adı alanların içərisində sənin də adın var. Sənətkar sənətinə qiymət veriləndə özünü xoşbəxt hesab edir. Düzdür, sənətkarı ilk növbədə xalq qiymətləndirməlidir. Elin gözü tərəzidir deyib atalarımız. Mən artıq o qiyməti almışam. Dövlət tərəfindən sənətə verilən qiymətin sevinci isə bir başqadır. Bu sevinci yaşadığıma görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm».
   Akif müəllim söhbət əsnasında uşaqlıq illərini və sənətə gəlişini də yada saldı: «Hələ uşaq olanda mənim nəfəs alətlərinə sonsuz marağım vardı. Orta məktəbdə oxuyanda valideynlərimin etirazına baxmayaraq, bir tütək aldım. Onlar mənim ümumiyyətlə musiqiçi olmağımı istəmirdilər. Sonralar bu sahəyə marağımı və istəyimi nəzərə alıb məni musiqi məktəbinə qoydular. Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna, sonra da Dövlət Konservatoriyasına daxil oldum. İlk iş yerim hərbi orkestr oldu, sonralar uzun müddət müəllim işlədim. Paralel olaraq da «Şənlik» ansamblında ifa edirdim. Demək olar ki, 70-80-ci illərdə bütün tanınmış ifaçılar ilk çıxışlarını, sənətə ilk addımlarını bizim ansamblda atırdılar. Həmin vaxtlar klarnet ifaçıları da az idi. Ona görə də müxtəlif ansambllardan çoxlu təkliflər alırdım. Belə təkliflərdən biri də Əlibaba Məmmədovdan gəldi. Bir müddət də görkəmli xanəndəmizin rəhbərlik etdiyi «Humayun» xalq çalğı alətləri ansamblında çıxış etdim».
   A.Qürbətov bütün nəfəs alətlərində ifa etməyi bacarsa da, daha çox klarnet ifaçısı kimi tanınır. Xalqımızın milli hüzn günü olan 20 Yanvarda muğamlarımızı çox yanğılı və təsirli formada klarnetdə ifa edən də Akif müəllimdir. Dediyinə görə, bu musiqiləri ifa etmək onun üçün heç də asan olmayıb: «Sənətkar hər şeyi xalq üçün edir. Yəni həm şad, həm də matəm günlərində xalqının yanında olmalıdır. O günlərimiz getsin, bir də gəlməsin».
   Xarici ölkələrdə qastrol səfərlərində çox olduğunu bildirən müsahibimiz xüsusilə mərhum sənətkar Baba Mirzəyevlə birgə səfərlərin xatirələrlə zəngin olduğunu deyir.
   Onun sözlərinə görə, indiyə qədər Birləşmiş Ərəb Əmirliklərində, Skandinaviya ölkələrində, Danimarka, İsveçrə, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və digər ölkələrdə çıxış edib.
   
   «Bəzən mənə ayrılan vaxtı unuduram»
   
   Akif müəllimin üç oğlu var. Amma heç biri musiqiçi deyil. Həmsöhbətimiz deyir ki, əslində övladlarının onun yolu ilə getməsini özü istəməyib. Səbəbini isə belə izah edir: «Bizim sənət çox çətin sənətdir. Kənardan baxanlar fikirləşirlər ki, bütün günümüzü şənliklərdə, deyib-gülməkdə keçiririk. Amma bəzən elə insanlarla qarşılaşırıq ki, dedikləri sözün qarşılığında cavab da tapa bilmirik. Düzdür, unudulmaz anlarımız da çox olur, üstündən 10 illər ötsə də, xoş bir xatirə kimi həmişə yada salırıq. Amma arzulamadığımız hadisələrlə də qarşılaşmalı oluruq. Ona görə də uşaqların mənim sənətimi davam etdirmələrini istəmədim».
   Söhbət əsnasında Akif müəllim bəzi müasir ifaçılardan da gileyləndi: «Nə oxuduqları mahnıların sözləri, nə də özlərini aparmaqları xoşagələn deyil. Xalq mahnılarımızın hərəsi bir böyük əsərdir. Amma gəlin, görək, müasir oxuyanlardan neçəsi bu mahnılara müraciət edir? Əvvəllər bütün mahnılar Bədii Şura deyilən qurum tərəfindən yoxlanılırdı, rəy verilirdi. Yalnız bundan sonra o mahnını efirdə oxuya bilərdin. İndi isə kim nə istəyir, onu da oxuyur».
   Akif müəllim bu gün də gənclik illərindəki şövqlə ifaçılıq sənətini davam etdirir. Əsasən isə muğamlarımızı ifa etməyi sevir. Bəstəkarlardan isə daha çox Cahangir Cahangirovun mahnılarına müraciət edir. Amma bu zaman onu narahat edən məqamlarla da rastlaşır: «Belə mahnıların öz dinləyiciləri var. Bəzi hallarda klassik musiqilərimizə insanlarda biganəlik görürəm. Bu da məni çox narahat edir. Şadlıq evlərinin anormal akustikası da mahnıların keyfiyyətini öldürür».
   «Məni musiqi yaşadır» deyir müsahibimiz. Musiqisiz həyatını təsəvvür edə bilmədiyini bildirir. Və bir də sənətkar xoşbəxtliyinin nə olduğunun sirrini açıqlayır: «Bəzən hansısa tədbirdə kimsə yaxınlaşır ki, Akif müəllim, necəsiniz? Baxıram, tanıya bilmirəm. Özünü təqdim edir ki, bəs filan vaxtı mənim toyumu siz keçirmisiniz. İnanın, elə bil dünyanı mənə bəxş edirlər. Məncə, sənətkar üçün bundan böyük xoşbəxtlik ola bilməz».
   
   Fəxriyyə Abdullayeva