Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda uşaq rəqs kollektivlərinin respublika müsabiqəsi keçirilir. 
   Nazirliyin Elm və təhsil şöbəsinin Təhsil sektorunun baş məsləhətçisi Lalə Kərimovanın verdiyi məlumata görə, müsabiqənin Sumqayıt və Lənkəran şəhərlərində keçirilən zona mərhələləri artıq başa çatıb. Bu mərhələlərdə Abşeron, Xaçmaz, Qobustan, Quba, Qusar, Siyəzən, Şamaxı rayon uşaq incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri iştirak edib. Kollektivlər Azərbaycan və dünya xalqlarının rəqslərini təqdim ediblər.
   Respublika müsabiqəsinin növbəti zona mərhələləri noyabrın 11-də Ağcabədidə, 12-də Gəncədə, 13-də Şəkidə, 14-də Bakıda, 15-də isə Naxçıvan şəhərində təşkil olunacaq.
   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan respublika müsabiqəsinin təşkilində məqsəd rəqslərdə milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar inkişafının istiqamətləndirilməsidir.
   Müsabiqə qaliblərinə və fərqlənən kollektivlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərman, pul mükafatları təqdim olunacaq. Müsabiqə başa çatdıqdan sonra qaliblərin yekun konserti də təşkil ediləcək.
   
   Ceyhun