İyunun 16-da Parisin mərkəzi XII rayonunun baş idarəsinin təntənəli mərasim salonunda Azərbaycan və Fransa kinematoqrafçılarının ilk birgə layihəsi olan “Kabusun gözüylə” filminin təqdimatı keçirilib. Böyük maraqla qarşılanan film Bakıdan gələn bir qrup yaradıcı heyət üzvü tərəfindən təqdim edilib.
Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. O, film haqqında məlumat verib. Ekran əsərində rol almış Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev, eləcə də baş rolun ifaçısı, Marsel şəhərinin “Turski” teatrının bədii rəhbəri Rişar Marten film üzərində işləri barəsində danışıblar.
Sonra təqdimat mərasiminin iştirakçıları üçün qəbul təşkil olunub. Paris ictimaiyyətinin, yaradıcı ziyalıların, diaspor nümayəndələrinin qatıldığı ziyafətdə film və mədəni əlaqələrin əhəmiyyəti haqqında çıxışlar edilib.