Azərbaycan rəssamları Moskvada beynəlxalq incəsənət festivalında iştirak edirlər
   
   İyulun 4-də Moskvada, “Manej” Mərkəzi Sərgi Salonunda “Ənənələr və müasirlik” adlı VI Beynəlxalq İncəsənət Festivalı açılıb. Festivalın təşkilatçısı Mədəniyyətə və müasir incəsənətin inkişafına yardım üzrə Moskva İctimai Fondudur. 
   
   Tədbirin beynəlxalq münsiflər heyətinə SSRİ, Rusiya və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov rəhbərlik edir.
   Festivalda Azərbaycan incəsənətini istedadlı rəssamlar Rəşad Mehdiyev və Məryəm Ələkbərli təmsil edirlər. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəşad Mehdiyevin əsərləri indiyədək xaricdə dəfələrlə nümayiş olunub. Rəssam Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisini keçirib, BMT-nin Avropa Bölməsinin Millətlər Sarayında incəsənətimizi uğurla təmsil edib. Rəssamın əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir. “Ənənələr və müasirlik” festivalı çərçivəsində Moskvada onun ilk sərgisi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Rəssamın əsərləri tamaşaçıları valeh edib, istər tanınmış sənətşünaslarda, istərsə də rəsm həvəskarlarında canlı maraq doğurub.
   Gənc və istedadlı rəssam Məryəm Ələkbərlinin əsərləri də festivalda böyük maraqla qarşılanıb. Moskva Müasir İncəsənət Muzeyində M.Ələkbərlinin sərgisinin kuratoru Olqa Sviblova rəssamın yaradıcılığını belə xarakterizə edib: “Məryəm incəsənətlə və incəsənətdə yaşayır. O, incəsənət vasitəsilə özünü kəşf edib və onu dünya ilə ünsiyyətinin başlıca vasitəsinə çevirib. Ola bilsin ki, məhz buna görə onun bədii mesajı bu qədər güclü və inandırıcıdır. Sərginin açılışına gələn tamaşaçılar isə bir nəfər kimi Məryəmin üslubunu böyük Anri Matissin üslubu ilə müqayisə ediblər”.
   Sərgini açan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy incəsənət festivalını əlamətdar hadisə adlandırıb. Sərginin görkəmli rəssam Tahir Salahovun rəhbərliyi altında keçirilməsini xüsusilə vurğulayıb. Qeyd edək ki, sərgidə T.Salahovun da əsəri nümayiş olunur. M.Şvıdkoyun sözlərinə görə, bu festival öz zəruriliyini sübut edib: “Burada müxtəlif nəsillərin sənətkarları, müxtəlif estetik baxışlar təmsil olunmuşdur və zənnimcə, sərginin gözəlliyi də bundadır”.
   Festivalın keçirilməsini yüksək qiymətləndirən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, belə layihələr mədəniyyətlərimizi yaxınlaşdıran, qarşılıqlı mədəni əlaqələri gücləndirən, MDB-nin Humanitar Əməkdaşlıq Fondunun hərtərəfli dəstəklədiyi mühüm inteqrasiya prosesidir.
   Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov əlavə edib ki, festivalda 30-dan çox ölkə iştirak edir. Bu festivalda görüşmək müxtəlif ölkələri təmsil edən rəssamlar üçün böyük sevincdir. Dünya şöhrətli rəssam xüsusi qeyd edib ki, burada incəsənətlə nəfəs alan müxtəlif nəsillərdən olan rəssamların əsərləri nümayiş etdirilir: “Bizim görüşməyimiz, yaradıcılıq təcrübəmizi bölüşməyimiz üçün məkanın olması böyük xoşbəxtlikdir”.
   Festivalın ideyası müxtəlif ölkə və xalqların mədəniyyətini yaxınlaşdırmaq, milli kolorit və ənənələri əks etdirən əsərləri təqdim etmək, dünya incəsənətinin geniş palitrasını göstərməkdir. Burada məşhur rəssam Mixail Şemyakin, heykəltəraş Zurab Sereteli və başqalarının əsərləri də nümayiş olunur.
   İyulun 8-dək davam edəcək festivalın sonunda 8 istiqamət üzrə (rəngkarlıq, qrafika, heykəltəraşlıq, fotoqrafiya, installasiya, tətbiqi sənət, memarlıq və muzey işi) qaliblər müəyyənləşəcək.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə isə Əməkdar rəssam Sakit Məmmədov ölkəmizi bu festivalda təmsil edib və hər ikisi müxtəlif nominasiyalar üzrə birinci mükafata layiq görülüblər.