Beynəlxalq karikatura müsabiqəsinə yekun vurulub
   
   İyulun 15-də “Kirpi” satirik jurnalının nəşrə başlamasının 60 illiyi tamam olur.
   Bu münasibətlə iyulun 16-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Molla Nəsrəddin”-Azərbaycan” V Beynəlxalq karikatura müsabiqəsinin yekununa həsr olunmuş sərgi və mükafatların təqdim edilməsi mərasimi keçiriləcək.
   

   Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilib.
   Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən bildiriblər ki, artıq ənənəvi təşkil olunan “Molla Nəsrəddin” Beynəlxalq karikatura müsabiqəsi bu il “Mətbuatın əhəmiyyəti” devizi altında davam edib. Müsabiqəyə 57 ölkədən 306 karikaturaçı rəssam qatılıb.
   Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qızıl medalına Aşkın Ayrancıoğlu (Türkiyə), gümüş medalına Anon Anindito (İndoneziya), bürünc medalına Babic Sava (Serbiya), xüsusi mükafatlara isə Helmut Jakek (Almaniya), Yuri Manayev (Rusiya) layiq görülüblər. Azərbaycanlı karikaturaçı rəssam Bayram Qasımxanlı müsabiqədə Rəssamlar İttifaqının xüsusi mükafatını qazanıb.
   “Molla Nəsrəddin”-Azərbaycan” Beynəlxalq karikatura müsabiqəsi səsvermənin obyektivliyinə, müsabiqənin təşkilinin yüksək səviyyəsinə və müəllif hüquqlarının qorunmasına görə Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası tərəfindən ən yüksək qiymətlə - beş ulduzla qiymətləndirilib.
   On gün davam edəcək sərgidə dünyanın tanınmış karikatura ustalarının 150-dən artıq əsəri nümayiş olunacaq.