“YARAT!” Müasir İncəsənət Məkanı beynəlxalq sərgidə rəssamlarımızın əl işlərini təqdim edir
Moskvadakı “MAP’S” Müasir İncəsənət Mərkəzində III Moskva Beynəlxalq Gənclər İncəsənəti Biennalesi keçirilir. Biennale çərçivəsində “YARAT!” Müasir İncəsənət Məkanı Azərbaycanın gənc rəssamlarının əl işlərinin yer aldığı “PAT vəziyyəti” kurator layihəsini təqdim edib.
Mərasimi “MAP’S” Müasir İncəsənət Mərkəzinin təsisçisi və direktoru Natalya Kosolapova açaraq qurumun fəaliyyətindən, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə həyata keçirdiyi layihələrdən danışıb. Qeyd edib ki, Azərbaycan rəssamlarının sərgilərinin keçirilməsi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində çox mühüm layihədir: “Fəxr edirəm ki, biz mədəni körpülərin inşasını həyata keçiririk, çünki bizim üçün dostluq çox əhəmiyyətlidir. Ümid edirik ki, gənc rəssamlarımız birgə layihələrin gerçəkləşdirilməsində iştirak edəcəklər”.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizin gənc rəssamlarının əsərlərinin sərgidə yer almasından məmnunluğunu bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın çox güclü rəssamlıq məktəbinə malik olduğunu, ölkəmizdə incəsənətin bütün janrlarının inkişaf etdiyini diqqətə çatdıran çox mühüm hadisədir. Azərbaycanın Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və digər dünya şöhrətli fırça ustalarının olduğunu vurğulayan səfir deyib: “Ancaq zaman keçir və yeni nəsillər, incəsənətdə yeni cərəyanlar və istiqamətlər meydana gəlir. Çox xoşdur ki, “YARAT!” təşkilatı Bakıda bir neçə uğurlu sərgi keçirib. Sevindirici haldır ki, bu yaradıcı gənclər birliyi öz həyatını yaşayır, özünə yol açır, sərgilər təşkil edir”.
Gənc rəssamlar üçün öz yaradıcılığını nümayiş etdirməyin vacib olduğunu vurğulayan Polad Bülbüloğlu sərginin təşkilatçılarına təşəkkürünü bildirib: “Moskvada sərgilərə çox diqqətlə yanaşılır, burada hər sərginin öz tamaşaçısı, rəssamlıqla maraqlanan və yeni istedadlar axtaran sənətşünaslar vardır. Bu baxımdan, Moskva sərgisinin əhəmiyyəti olduqca böyükdür”.
“YARAT” Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev incəsənət məkanının kuratoru Aida Mahmudovanın adından təşkilatçılara azərbaycanlı rəssamların əl işlərinin sərgilənməsində göstərdikləri köməyə görə minnətdarlıq edib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanın gənc rəssamlarından Cemma Səttarın "Tarakanlarla insan" adlı heykəltəraşlıq işi, Fidan Seyidovanın "İfrat laqeydlik" adlı videosu, Nəzrin Məmmədovanın "Et cetera" adlı fotosu, Rza Xəzərin isə "Sürgündə" adlı qrafik işi qonaqlar tərəfindən maraqla qarşılanıb. Əfqan mənşəli Azərbaycan rəssamı Reza Hazarenin “Sürgündə” adlı qrafik işi də özünəməxsusluğu ilə seçilib.
Sərgi avqustun 12-dək davam edəcək.