Azərbaycan Prezidenti mərasimdə iştirak edib
   
   Sentyabrın 18-də Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısını və xanımını Fransa Prezidenti Fransua Olland qarşılayıb.
   Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyində yaradılan yeni zallar İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
   Prezident Fransua Olland Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından şərəf hissi duyduğunu vurğulayıb. O, layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olub.