Şamil Nəcəfzadə: “İncəsənət, ələlxüsus da kino güclü təbliğat vasitəsidir”
ABŞ paytaxtında bu ölkədə fəaliyyət göstərən Qarabağ Fondunun (“Karabakh Foundation”) təşkilatçılığı ilə Xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş “Azərbaycan rəssamı hər hissiyyatda: Kamil Nəcəfzadə” adlı sərgi keçirilir. Avqustun 28-də başlanan sərgi sentyabrın 28-dək davam edəcək. Vaşinqtonun mərkəzində, Ağ evin yaxınlığında yerləşən “Pepco Edison Place Gallery” sərgi salonunda rəssamın 50-yə yaxın əsəri nümayiş olunur.
Sentyabrın 6-da sərginin rəsmi açılışında görkəmli fırça ustasının oğlu, rejissor Şamil Nəcəfzadə də iştirak edib. Bu arada “Karabakh Foundation”un dəstəyi ilə Vaşinqtonda Ş.Nəcəfzadənin filmlərinin nümayişi də təşkil olunub.
Səfər təəssüratını bizimlə bölüşən rejissor bildirdi ki, hər iki mədəniyyət tədbirinin təşkili ilə bağlı təşəbbüs “Karabakh Foundation” tərəfindən irəli sürülüb: “Bacım Aynur Nəcəfzadə Stenko ABŞ-da yaşayır və “Karabakh Foundation” onunla əlaqə saxlayaraq sərgi keçirmək haqqında təklif irəli sürüb. Daha sonra mənimlə əlaqə yaratdılar. Mən həmin təşkilata atam haqqında məlumatlar göndərdim. Onu da deyim Kamil Nəcəfzadə ilk Azərbaycan rəssamlarındandır ki, Birləşmiş Ştatlarda artıq bir neçə dəfə sərgisi keçirilib. Onları atamın şəxsi arxivindən fotolar maraqlandırırdı. Ailəsi, dostları ilə bağlı məqamları əks etdirən fotoları da göndərdim. Təşkilatçılar göndərdiyim materiallardan sərgidə böyük stend düzəltmişdilər”.
Xalq rəssamının “Xocalı fəryadı”, “Qarabağlı qız” tabloları, Azərbaycan təbiətini, gözəlliyini estetik şəkildə təsvir edən peyzajları sərgi iştirakçıları tərəfindən böyük diqqət görüb. Azərbaycan kəndlərinin, paytaxt Bakının, Xəzər dənizinin təsvirləri rəssamın əsərlərində özünəməxsus şəkildə əks olunub. Bu rəsmlərdəki Azərbaycan xarakteri, Azərbaycan cizgisi amerikalı sənətsevərlərin marağına səbəb olub.
Sərginin açılışında Amerika Konqresinin üzvləri, mədəniyyət və dövlət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ş.Nəcəfzadə qeyd etdi ki, sərginin keçirilməsi bizim üçün sevindirici haldır: “Bu nəinki bir azərbaycanlı rəssamın sərgisidir, bütünlükdə bir ölkənin sevgi, dostluq, hissiyyat və humanizmini əks etdirən tədbirdir. Açılışda da söylədim ki, atamın ruhu indi buralardadır. Bu hadisə onun da ruhunu şad edib. Bu bir sənətçi üçün öz missiyasını ölümündən sonra da həyata keçirmək deməkdir”.
“Qala” amerikalı tamaşaçılarda böyük təəssürat doğurub
“Karabakh Foundation” Azərbaycanla bağlı layihəni davam etdirərək sentyabr ayında 4 həftə ardıcıl olaraq rejissor Şamil Nəcəfzadənin filmlərinin nümayişini təşkil edib. Sentyabrın 6-da “Dad yaddaşı” adlı ikiseriyalı sənədli film nümayiş olunub. Ekran əsərində Azərbaycanın tarixi və bölgələrimizin mətbəxi əksini tapıb. Bir növ Azərbaycanın tarixi və mətbəxini uzlaşdıran filmdir. Sentyabrın 13 və 20-də rejissorun “Qala” bədii filmi nümayiş olunub. Hər iki nümayişdə rejissor özü də iştirak edib və sonra filmlərin müzakirəsi təşkil olunub. Rejissorun ötən əsrin 60-70-ci illərində parlamış beş avanqard azərbaycanlı rəssamın həyat və yaradıcılığından bəhs edən “Üfüqü ötənlər” sənədli-bədii filmi və Qobustana həsr olunmuş “Bəşəriyyətin beşiyi” adlı sənədli ekran əsəri isə sentyabrın 27-də nümayiş olunacaq.
Şamil Nəcəfzadənin sözlərinə görə, onun üçün Azərbaycan rəsmlərinə və filmlərinə amerikalı tamaşaçının reaksiyası maraqlı idi: “Gözlədiyimdən daha artıq maraq gördüm. Qeyd edim ki, “Qala” filmi bir çox beynəlxalq baxışlarda olub, filmin Kanada, Yaponiya, Fransa, Rusiya, Hindistan və s. ölkələrdə nümayişləri keçirilib. Əcnəbilərin bu filmə olan münasibəti mənə bir növ bəllidir. Lakin amerikalı kinoya bağlı olduğundan, onun filmə yanaşması da fərqlidir. Hollivud yarandığı zamandan film istehsalına görə dünyaya meydan oxuyub. Nümayişdən sonra keçirilən müzakirə bir saatdan artıq davam etdi. Tamaşaçılar hətta ən incə məqamlara dair suallar verdilər. Xüsusən aktyor oyununun təbiiliyini vurğuladılar. Onların inandırıcı oyunlarından çox təsirləndiklərini bildirdilər. Hətta sual verdilər ki, filmdə aktyorlar çəkiliblər, yoxsa hadisənin real iştirakçıları. Bir tamaşaçı bildirdi ki, sanki sənədli filmə baxıb, aktyor ansamblı onları çox cəlb edib. Filmdə obrazlardan birinin rus xanım olması da maraqla qarşılandı. Onun fikrincə obraz göstərir ki, təcavüz təkcə biz azərbaycanlılara deyil, ölkəmizdə yaşayan digər millətlərə qarşı da yönəlib. Bundan başqa, Azərbaycanın təbiəti, qədim məkan olmasından danışdılar. Filmdəki qala haqqında soruşdular və onun XV əsrə aidliyini eşidəndə təəccübləndilər. Mən isə Azərbaycanda çoxlu tarixi məkanların olduğunu diqqətə çatdırdım”.
Ş.Nəcəfzadə bildirdi ki, incəsənət, ələlxüsus da kino güclü təbliğat vasitəsidir. Onun vasitəsilə tarixin, mədəniyyətin, yaşayışın haqqında dünyaya məlumat verə bilərsən: “Kino həmçinin fikir formalaşdıra bilən vasitədir. Biz də bu vasitədən istifadə etməliyik. Çalışmalıyıq ki, çoxlu sayda film çəkək. Özümüz haqqında dünyanı məlumatlandıraq. İdeya, bədii forma elə qurulmalıdır ki, dünya üçün maraqlı olsun. Hər bir incəsənət məhsulu, o cümlədən kino mesajdır və həmin mesaj ünvanına rahat çatdırılmalıdır. O zaman Azərbaycan haqqında düzgün fikir formalaşa biləcək”.
Azərbaycan filmləri Konqres Kitabxanasının fonduna təqdim olunub
Rejissor səfər çərçivəsində bir neçə maraqlı görüşdə də iştirak edib. Onu müsahibə üçün “Amerikanın səsi” televiziyasına dəvət ediblər. Həmçinin Amerika-türk televiziya kanalının qonağı olub. Rejissorla birlikdə verilişə dəvət olunan “Karabakh Foundation”un icraçı direktoru Diana Altman da təşkilatın fəaliyyəti, rəssam Kamil Nəcəfzadənin sərgisi haqqında danışıb. Verilişdə Şamil Nəcəfzadənin “Leyli və Məcnun”, “Qala” filmləri haqqında söhbətlər aparılıb.
Növbəti maraqlı görüş Amerika Konqresinin kitabxanasında keçirilib: “Amerika Konqresinin kino, video və səs materiallarının saxlandığı nəhəng kitabxanada görüş iki saatdan artıq davam etdi. Fondun yerləşdiyi məkan olduqca maraqlı idi. “Soyuq müharibə” dövründə mümkün nüvə hücumundan qorunmaq məqsədilə tikilən beton zirzəmidə yerləşən fondda müxtəlif video və musiqi materiallarının saxlanılması üçün ideal şərait yaradılıb. Orada ən qədim kino lenti 1891-ci ilə aiddir. Böyük laboratoriyada kino lentləri bərpa edilir. Fondda saxlanılan köhnə musiqi valları arasında Azərbaycan bəstəkarlarının musiqilərinin toplandığı val da vardı. Lakin o fondda bu günə qədər bizim filmlər yox idi və 10 Azərbaycan filmini onlara təqdim etdim. Bu yaxınlarda həmin fondun nümayəndəsi Bakıya gələcək. Onlar Dövlət Film Fondu ilə təcrübə mübadiləsi həyata keçirməyi planlaşdırırlar”.
Reyhan İsayeva