Amma nə yatıran, nə batıran - estetik qalxıma, sivil mayaka səsləyən...
   
   Bu sənətkarın adını eşidəndə, imzasını görəndə, həyat-yaradıcılıq aləmi haqda düşünəndə soyadı ilk obraz kimi canlanır xəyalda. Efir-ekranlar, qəzet-jurnallar “Salahov” deyib-yazsalar da, adam bunu “əməlisaleh”ov “düzəliş”ilə eşidib-oxuyur. Əsərlərindəki bəşəri humanizm cizgiləri, irfani təsiriyyat xalları, təşviqiyyat nüansları bir yana, fotolardakı, ekranlardakı ağsaqqalanə-piranə “surəti-halını görgəc” bu yanaşma daha da güclənir.
   
   Danışdırılanda isə - başdan-başa bir tamaşa! Tamamilə təsdiqlənib möhürlənir bu yanaşma, bu “yeni redaksiyada” münasibəti. Belə ki, onun məlhəm səsi, qonuşuq-danışıq tərzi, göz-söz sinxronluğu fırçasının yaratdığı “cansız”ların əlavəsi - canlı əsər-əlavəsi, müəllif-aləmi kimi canlanır. Bu aləm hansı dinləyiciyə, tamaşaçıya və bu məqamda oxucuya bir dincəliş ünvanı, bir sənət kurortu təsiri də bağışlayırsa, bu yazı onlardan yanadır, - qalanları vaxtlarını hədərə, zövqlərini kədərə verməsinlər...
   Fərqindəsinizmi, danışanda demədim, “danışdırılanda” dedim.
   Şərikliyimdəsizmi, Tahir Salahov ümumiyyətlə danışan adam deyil. Yaxşı ki, bu adam həm də sənətkar olub, yoxsa Abşeron qaraqabaqlılarının sayı artar, Azərbaycan şöhrətlilərinin sanbalı, dünya korifeylərinin sırası azalardı. Hələ əgər belə olmasaydı - o, gözə yox, “söz”ə işləsəydi, ecazkar əsərlərinin sayı və bu sayların ecazı nə qədər azalarmış!
   Amma eşitdiklərimə (və öz instinkt və qiyabi müşahidələrimə) görə, bu sənətkarın qəlbi elitar-teatral monoloqlar, ictimai-dinamikal dialoqlar aləmidir. Ona diqqətlə baxmaq, onu fəhmlə duymaq kifayətdir ki, çoxlu sözlər, rəngarəng fikirlər eşidəsən ki, onlardan biri də -
   
   Bu səpgidə
   
   Sənətkarlar dünyanın aynalarıdır - hərəsi onu bir sayaq əks etdirir. Hərəsi bu dünyanın bir sahəsinə, yüzbir nəsnəsinə, minbir hissinə ayna tutur; bəstəkar səsinə, ədib sözünə, memar daşına, rəssam sifətinə... Və belə-belə, beləcə-beləcə, milli-məxsusi əsərlər, “kilkə”-ölkəvi milli mədəniyyətlər, bunların məcmusunda isə dünyamızın vahid Mədəniyyət Tablosu yaranır...
   Böyük sənətkarlar isə dünyanın “bədənnüma” aynaları - “bəşərnüma” güzgüləridir.
   Hər duyan, özünü tanıyan insanın bir güzgüsü var bu dünyada. Hər kəs ona özüyçün baxır. Vaxt-bivaxt “özüylə görüş” anlarında, təkbətək dərdləşmə məqamlarında göz yetirir. Cəmiyyətə çıxış zamanı özünü “redaktə” etmək üçün baxır. Bu səbəbkarlıqların ən süzgün-özgünü isə sevgili yarlar üçün olur - “onsuz üzüm gülməz, açılmaz aynam” - deyə. Qənirsiz Tanrı düzgülü, amma... güzgüsüz Dünya isə sənətkar-aynalarda sığallanıb-tumarlanır.
   1942-ci ildə - bütün güzgülərdə qara libasda görünən Bakının incəsənət muzeyindəki bir sərgidə yalqız bir yeniyetmə - gələcəyin fenomenal rəssamı Tahir Teymur oğlu Salahov özü də tamaşa etdiyi şedevr tabloların, “dipdiri” portretlərin və bir az da bu salondakı tənhalığının təsirindən fikir-xəyal və duruş-quruluşca buradakı heykəlləri, büstləri, ağrı-əzabca “atlant”ları xatırladırdı. Səssiz-sovsuz daxili monoloquyla isə buradakıların (və bəlkə dünyanın hər yerindəkilərin) heç birinə bənzəmirdi. Düşüncələrinin dərinliyi, “peyzaj” gözəlliyilə yox, sadəcə -
   
   Uşaq özəlliyi ilə...
   
   “Niyə... nədən... nə üçün?.. Niyə bu qədər adi, sadə, təvazökardır bu qeyri-adi dünya? Surətcə görkəmsiz, fərasətcə fərsiz adamlar belə bütün ömürləri boyu nəzərlərdən heyrət qoparmağa çalışdıqları halda, nədən bu qədər zəngin aləm özünü ilk baxışdan qədərincə təqdim edə bilmir? Axı ağıl, düşüncə daha çox göz məhsulları ilə işləyir. Zehnin, təfəkkürün üyütdüyü xammalın çoxu gözün dənlədiklərindən ibarət deyilmi? Qulaq qənimətləri nə qədər şirin, poetik olsa da, gözün gördüklərinin yerini verə bilməz. Elə babam da tez-tez demirmi, “yüz kərə eşitməkdənsə, bir kərə görmək yey!”?..
   Yaxud bu camaat özü. Hər gün, hər saat küçədə-bazarda gördükləri neftçinin, qırış-quruşlu qocaların, böyük-böyük ədib, bəstəkar və aktyorların, gül-güldanın, antikvarların... yanından saymazyana ötüb, sabahısı həmin subyektlərə tamaşa etmək üçün böyük həvəslə sərgi salonlarına getmirlərmi? Görəsən niyə? Bəyəm Tanrının qənirsiz qələmindən çıxan bu Dünya rəssamların fırçalarından çıxan dünyacıqlardan maraqsızmı? Bəyəm bu Dünya özü nəhəng bir sərgi salonu deyilmi? Buradakı bütün tabloların da ki şəriksiz müəllifi, yaradanı - Yaradan! Bəlkə?.. Yox, burada “bəlkə”yə meydan yox...
   Bəs, nədən, nə üçün?.. Niyə bu gün bütün bəşər tamaşaçısını lərzəyə salmış Hitlerin real müharibə “tablo”ları, fotoları, kino-kadrları insanları Brüllerin “Cəhənnəm” tablosu qədər heyrətləndirmir? Niyə hər abşeronlunun qapısında bir elə əncir ağacı ola-ola, gəlib burda Səttar əminin “Əncir ağacı”ndan qidalanır? Niyə?.. Bəlkə?.. Yox, hələ “niyə?”
   Aha... Deyəsən, bu “bəlkə”də də bir həqiqət var. Odur, Leonardo da Vinçinin “Cakonda”sı da - öz sehrli təbəssümü ilə bunu təsdiq edir! Bəli, sənət! Sənət! Özü də “bəlkə”siz-filansız!..”
   Bütün bu suallar, nidalar, mühakimələr 14 yaşlı bir yeniyetmənin xəyalından dalğalanırdı. 1928-ci ildə bu şəhərdə doğulub, 1942-ci ilin bir payız günü, lap dəqiqi - öz ad günü - noyabrın 29-da başı müharibəyə qarışmış bu şəhərin geniş, yaraşıqlı sərgi salonunda böyük sənət əsərlərinə tək-tənha tamaşa edən Tahirin düşüncələrindən yayımlanırdı. Bu yeniyetmə oğlan, o illər heç kimin keçirmədiyi (yəni xüsusi qeyd etmədiyi) ad günləri haqda da düşünüb-daşınır, bu salonu böyük, zəngin bir sənət süfrəsi, peyzajları hədiyyə, portretləri dostlar, öz fikirlərini isə tostlar hesab edirdi...
   
   Elə düşüncə-daşıncaların belə nailiyyətləri...

   
   Hələ yeniyetmə yaşlarında o sayaq düşünən Tahir, elə ilk gənclik çağlarından ətrafını, bir az sonra Bakını, daha sonra Azərbaycanı, SSRİ-ni və nəhayət, bütün dünyanı düşündürməyə başladı.
   Bu fenomenallıq Tanrının ona bəxş etdiyi fitri istedaddan başlamışdı. Bəs bu istedadı bəyan etmək üçün o özü nədən, hardan başladı? Öncə ev-ailə, şəcərə “konstitusiya”sına sədaqətdən, sonra Ə.Əzimzadə adına rəssamlıq məktəbindən. Müharibənin Qələbə ilində Tahir tələbə oldu. Yüksək erudisiyasını, intellektini, istedad və qabiliyyətini görənlər onu daha yüksək təhsil ardınca getməyə səslədilər. Bütün ətrafı onun simasında gələcəyin dahisini görürdü - necə ki, 58 ildən sonra keçiriləsi 80 illik yubileyində Fransanın böyük mədəniyyət xadimi Pyer Karden deyəcəkdi: “Salahov - o dahidir, dühadır, o bəşər tarixində mütləq və mütləq qalacaqdır!”. Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli də Tahir Salahovu elə həmin dahilik mərtəbəsində görəcəkdi: “Bizim Akademiyanın dünya şöhrətli üzvü Salahov - çox böyük işlər və əsərlər müəllifi - böyük hərflərlə qeyd olunası sənətkardır. Niyə böyük? Siz onun qadir fırçasından çıxan şəkillərə baxın. Onlarda nə qədər böyüklük və böyük insanlar var!..”.
   Bəli, gələcəyin böyük Tahir Salahovu böyük təhsil ardınca getməli idi və o, Ə.Əzimzadə məktəbini başa vuran kimi V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutuna daxil oldu. 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirib, böyük, rəngarəng, maraqlı, ömrün sonunadək bitirilməyən həyat-sənət məktəbinə qədəm qoydu. Yaşayıb-yaratdıqca, bir vaxt - yeniyetmə ikən istixarə etdiyi fikir və düşüncələrin fərqinə vardı. Gördü ki, dünya doğrudan da, onu təəccübləndirən mizan-düzənə malik imiş. Tanrı dünyası ilə sənət dünyası arasında bir yaxınlıq, uyar-duyarlıq da varmış...
   Gənc Tahir hələ Bakıda ikən, bakılı ikən dünya ona çox şey vermişdi. İndi növbə onun özündən-özünə idi. İstedadının cəzbi ilə yığdıqlarını dünyaya qaytarmalı idi. Onların isə sayı çox, sanbalı ağır! Hamısından danışmaq mümkünsüz - bununçün gərək göyü molbert, dəryanı rəng edəsən. Bununçün gərək dünyanın uzaq-uzaq, məşhur-möhtəşəm muzeylərinə baş çəkib müxtəlif dillərdə müsahibə alasan, gözlərdəki heyrət və duyğuları sözə çevirəsən. Gərək Rəsul Rzanın, Fikrət Əmirovun portretlərindəki koloritli detallar barədə bir kitab söz söyləyəsən, “Abşeron qadınları»na bir baxıb, yüzbir boy boylayasan, “Səhər eşelonu”nda səfərə çıxıb, “Rezervuar parkı”nda dincələsən ki, Dmitri Şostakoviçin təkrarsız portretinin məziyyətlərindən intəhasız-intəhasız bəhs edə biləsən.
   “Bəstəkar Qara Qarayevin portreti” isə özgə bir aləm, ayrıca bir yazı mövzusu! O portretin ictimaiyyətə ilk təqdimatı zamanı biz tələbə idik və onu hələ qəzet səhifəsində görərkən nələr demədik?! Dedik ki; “Bu portretin özü də bir simfoniyadır!”, “Bax, bax, Qara Qarayev bu an qalxıb, növbəti bir şedevr yaradacaq!”, “Alın və göz ətrafı qırışlardan “Yeddi gözəl” süzülür”, “Gözlər “İldırımlı yollar” çəkir...” və sair.
   Çoxları bilmir, bilənlərinsə əksəri etiraf etmir ki, əmək, zəhmət mövzusu təsviri sənətə məhz Tahir Salahovun baniliyində yol tapıb. Özü də hələ diplom işi olan “Gecə növbəsindən qayıdanlar” əsərilə. Tahir Salahov gələcək bakılılara qos-qoca, dost-doğma bir “Köhnə Bakı” verib. Böyük sənət “ovçu”larının “pusqu”suna “Səhər ovu” çıxarıb. Ürəyi sənət atəşilə yananlara tamaşa edərkən gözlərə hərarət, ürəyə sərinlik çiləyən “Nardaran qarpızları” əta edib. Məşhur triptixi - “Qız qalası”, “Atəşgah”, “Xəzər - bu gün” ilə yeni bir sənət Abşeronu yaradıb.
   
   Təltiflər, mükafatlar, adlar...

   
   Və bir də - onun özünün, əsərlərinin tam, bütöv əsər etdiyi milyonlarla tamaşaçıda yaratdığı assosiasiyalar ki, bunlardan biri də bəndənizə məxsus. Görkəmli yazıçı və (bu assosiativ-xatirəmlə ilgili) böyük müəllim Mir Cəlal “rəsmi” dərslərə əlavə etdiyi “həyat və sənət” mövzularının birində söylədi ki, bəzən uşaqlar analarının minbir təkidi, nəvazişi, qılığı ilə yemək istəmədiyi almanı böyük sənətkarlıqla çəkilmiş natürmortda görərkən, “onnan mənə!” - deyə, qara-qışqırıq salırlar...
   Tahir Salahov isə elə sənətkarlardandır ki, bəzən böyüklər də qəlblərində səssiz-küysüz “qara-qışqırıq”lar salırlar: “bundan birini də!”, “bu sənətkar bizimdir!” mövzularında...
   Qaldı təltiflər, mükafatlar, adlar?
   Tahir Salahov 60 ildən çoxdur ki, öz təkrarsız sənət əsərlərilə milyonların qəlbini riqqətə gətirir, zövqləri təltif edir. Və elə 60 ildir ki, demək olar hər il müxtəlif dövlətlər, təşkilatlar, qurumlar tərəfindən müxtəlif adlar, mükafatlarla təltif edilir. Sovetlər İttifaqının saysız təltifləri bir yana, şöhrətli həmyerlimiz dünyanın bir çox sənət akademiyalarının müxbir üzvü, həmçinin “Ölməzlər Akademiyası” kimi tanınan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilmiş üç üzvdən biridir.
   Az qala sənət əsərlərinin sayı qədər təltiflərə layiq görülmüş bu böyük sənətkar barədə bundan dəfə-dəfə çox söz demək əzmimiz olsa da, səhifədə yerimiz bu qədər...
   
   Tahir Abbaslı