Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bildirib ki, sənəd Azərbaycan nümayəndə heyətinin Rusiya Kino və Foto Sənədlər Arxivində ezamiyyətdə olduğu zaman imzalanıb. Sazişdə iki ölkə arasında kino-foto arxiv sənədlərinin axtarılması, araşdırılması ilə bağlı, eyni zamanda müxtəlif filmlərin qorunması və bərpası ilə bağlı qarşılıqlı əməkdaşlıq, monitorinqlər və s. məsələlər əksini tapıb.
«Bizim əməkdaşlığımız 3 ildir davam edirdi. Ancaq indi bu əməkdaşlıq artıq rəsmiləşdirilib», - deyə C.Quliyev bildirib.
Onun sözlərinə görə, bir neçə ildir əməkdaşlıq etdikləri rusiyalı həmkarları Azərbaycan Dövlət Film Fondunu onlara göstərdiyi köməyə görə qiymətli hədiyyə ilə mükafatlandırıb. Həmin hədiyyə fondun muzeyində saxlanılır. Vaxtilə kinostudiyada çalışmış Məmməd Babayevin şəxsi arxivindən 40-a qədər şüşə üzərində neqativ tapılıb və fonda daxil edilib. Bu neqativlər Azərbaycan kinosunun 20-30-cu illərdəki fəaliyyətini əks etdirir. Hazırda həmin neqativlər üzərində bərpa işləri aparılır. Neqativlər xüsusi kamera və xüsusi istilik rejimində saxlanılır.