Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Bakının Nizami rayonunun 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb.
Müasir İncəsənət Muzeyində keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Həmin sənət nümunələri 300-dən çox işin arasından seçilib. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənib.
Uşaq evinin direktoru Nərminə Zöhrabova sərginin təşkilatçılarına minnətdarlığını bildirərək belə tədbirlərin istedadlı uşaqların üzə çıxması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.
Hazırda uşaq evində 140 uşaq və yeniyetmənin yaşadığı diqqətə çatdırılıb. Onların 500-dən çox əl işi var.
Sonra sərgiyə baxış keçirilib. Uşaq evinin istedadlı sakinlərinin bir-birindən maraqlı əl işlərində Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapıb. Balaca rəssamların Vətənə sevgi dolu rəsmləri hər kəsdə maraq doğurub.
Uşaqlara yeni yaradıcılıq uğurları arzulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva onların qayğıları ilə maraqlanıb, tövsiyələrini verib. Uşaq evinin sakini Nahid Sarıyev özünün “Abşeron” əsərini Mehriban xanım Əliyevaya təqdim edib.
Sərgi yanvarın 28-dək davam edəcək.