Fevralın 10-dan martın 10-dək “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ustad dərsləri keçiriləcək. “Müasir incəsənətdə kurator-mediator təcrübəsi” mövzusunda ustad dərsləri Əməkdar rəssam, Beynəlxalq Muzeylər Şurasının və müasir incəsənət kolleksiyası “SİMAM”ın üzvü Səbinə Şıxlinskaya tərəfindən keçiriləcək.
   Kurator yalnız texniki olaraq sərgiləri, muzey işlərini və ya digər art-layihələri təşkil etmir, o, eyni zamanda, həmmüəllif sayılır, çünki bu və ya digər mövzunun aktuallığını müəyyənləşdirir, müəlliflərlə daimi əməkdaşlığı çərçivəsində onların ideya və layihələrinin həyata keçirilməsinə kömək edir. Azərbaycanda ilk dəfə olaraq peşəkar kurator fəaliyyəti haqqında keçiriləcək nəzəri və təcrübi ustad dərslərinin iştirakçılarına dörd həftəlik kurs mühazirələrini dinləmək imkanı veriləcək. Onlar həmçinin kurator və mediatorların fəaliyyətləri barədə nümunələri öyrənmək məqsədilə müasir vizual incəsənətin ən uğurlu layihələri ilə tanış olacaqlar. Kursların keçirildiyi müddətdə iştirakçılara art-layihə hazırlamaq imkanı veriləcək, sonda isə bu layihələrin arasından müsabiqə yolu ilə seçilən ən yaxşılar dəstəklənəcək.
   Səbinə Şıxlinskaya peşə təhsilini Sankt-Peterburq şəhərində V.Muxina adına ali məktəbin monumental rəssamlıq fakültəsində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. Onun bəzi əsərləri - rəsm, qrafika, foto və video instalyasiyalar dövlət və şəxsi kolleksiyalarda, o cümlədən Rusiyadakı Dövlət Tretyakov Qalereyasında, Bakıda Müasir İncəsənət Muzeyində, Türkiyədə “Humakabakci” kolleksiyasında saxlanılır. Rəssam 1993-cü ildən etibarən Azərbaycanda və xaricdə keçirilən 50-dən çox sərgi və layihəyə kuratorluq edib.
   İştirakçı sayı məhdud (10 nəfərdən çox olmamaq şərti ilə) olan kursların dinləyicilərinin seçimi müsabiqə yolu ilə müəyyənləşdiriləcək. Arzu edənlər doldurulmuş anketi bu elektron ünvana göndərə bilərlər: info@yarat.az. Ərizə formasını www.yarat.az saytından yükləmək mümkündür. Ərizələr yanvarın 31-dək qəbul edilir.