Azərbaycan Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib
   
   Yanvarın 23-də Azərbaycan Dövlət Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən gecədə ansamblın repertuarında yer alan milli rəqslərimiz ifa olunub.
   
   Ansamblın bədii rəhbəri, milli mahnı və rəqslərimizin qorunmasının və tədqiqinin yorulmaz təbliğatçısı, Xalq artisti Afaq Məlikovadır.
   1938-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yaradılmış kollektivə müxtəlif illərdə bir çox tanınmış bəstəkarlar rəhbərlik ediblər. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
   Musiqi mədəniyyətimizin təbliğində müstəsna xidmətlərinə görə ansambl 1958-ci ildə “Əməkdar kollektiv” fəxri adına layiq görülüb.
   Ansambl fəaliyyəti dövründə dünyanın bir çox ölkələrində solo konsertlərlə çıxış edərək Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliği və tanıdılmasına töhfələr verib.