Tanınmış fırça ustası, Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətov uzun illərdir ki, Almaniyada yaşayır. O, UNESCO-nun Rəssamlar Federasiyasının, Rusiya Rəssamlar İttifaqının, Almaniya Rəssamlar Birliyinin üzvü, “Dünya xalqlarının incəsənəti” beynəlxalq assosiasiyası mükafatının laureatıdır.
Sənətkarın Almaniyada, digər ölkələrdə mütəmadi sərgiləri təşkil olunur. Əlvan rənglərlə zəngin, parlaq rəsmləri sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanır. Fevralın 18-də Berlində onun növbəti sərgisi açılacaq.
Əşrəf Heybətov Cenevrədə BMT sarayında, Rumıniya Prezidenti sarayında, NATO-nun iqamətgahında, İordaniya kral sarayında, Lüksemburq hersoqunun iqamətgahında, Vatikan dəftərxanası sarayında, habelə Maltanın nüfuzlu salonlarında sərgiləri keçirilmiş ilk azərbaycanlı rəssamdır.
Dekabr ayında rəssamın Dehlidə fərdi sərgisi keçirilib. Hindistanın Mədəni Əlaqələr Şurası və ölkəmizin Hindistandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Hindistan ictimaiyyətini Azərbaycan rəngkarlığı ilə tanış edən ilk sərgi olub. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr edilən sərgidə Azərbaycana həsr olunmuş 50 rəsm nümayiş etdirilib. Sərgi ilə bağlı nəşr olunan kataloqda rəssamın Azərbaycanın təbiətini, ənənələrini və mədəniyyətini tərənnüm edən əsərləri (“Abşeron motivi”, “Azərbaycan dağları”, “Köhnə Bakı”, “Şuşa məscidi”, “Qarabağ mənzərəsi”, “Sarvan” və s.) yer alıb.