Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiyanın “Diplomatik İşçilər Günü” münasibətilə fotosərginin açılışı olub.
   
   Diplomatik İşçilər Günü 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin 200 illik yubileyinin bayram edilməsi münasibətilə RF Prezidentinin fərmanı ilə müəyyən olunmuş, hər il fevralın 10-da qeyd edilən peşə bayramıdır.
   Açılış mərasimində çıxış edən Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin deyib: “Rusiyanın zəngin diplomatik tarixi və çoxəsrlik ənənələri var. Fotoşəkillərdə əbədiləşdirilən bəzi məqamlar bu sərgidə təqdim olunub. İntellektual irs, iş prinsipləri və metodları, sülh ideallarına inam indinin özündə də bizim üçün önəmlidir və diplomatik xidmət nümunəsidir”.
   Səfir Rusiya-Azərbaycan münasibətlərindən danışıb: “Rusiya Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verir. Moskvanın Bakıya münasibəti iki ölkə arasında bütün sahələrdə yalnız dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın mövcud ola biləcəyini nəzərdə tutan obyektiv maraqlara söykənir”.
   Sonra qonaqlar Rusiya diplomatiyasının təşəkkül tarixini, onun bu gününü və Rusiya-Azərbaycan münasibətlərini əks etdirən ekspozisiya ilə tanış olublar.