Fevralın 25-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xocalı faciəsinə həsr olunmuş respublika sərgi-müsabiqəsinin yekun tədbiri keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi mərasimdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev erməni terror və quldur dəstələrinin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən, soyqırımı faktlarından söhbət açdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi qırğının bütövlükdə bəşəriyyətə, insanlığa qarşı cinayət olduğunu bildirdi.
Nazir müavini Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini xüsusilə vurğuladı. Bildirdi ki, artıq 21 ildir biz Xocalı faciəsinin dəhşətlərini təfəkkürümüzdə, həyatımızda yaşayırıq, soyqırımı faktları bədii əsərlərdə və təsviri incəsənət nümunələrində öz əksini tapır: “Hər il ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birgə Xocalı mövzusunda sərgi-müsabiqə elan edir. Bu il də müsabiqəyə Azərbaycan rəssamları tərəfindən çoxsaylı əsərlər təqdim edilib”.
Qeyd olundu ki, sərgi-müsabiqə Ermənistanın işğalçı ordusu tərəfindən Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda xalqımızın mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sonra iştirakçılar sərgiyə baxdılar. Sərgidə 93 rəssamın 150-dən çox əl işi yer almışdı.

Ceyhun