Azərbaycan Çexiyanın Karlovı Varı şəhərində keçiriləcək beynəlxalq film festivalında iştirak edəcək. Ölkəmiz Çingiz Rəsulzadənin lentə aldığı “Kuklalar” filmi ilə təmsil olunacaq.
   
   Ç.Rəsulzadə bildirib ki, iyulun 2-dən 10-a kimi davam edəcək festivalda “Kuklalar” filmi iyulun 7-də nümayiş olunacaq. Bu festival Kann, Venesiya və Berlin kino festivallarından sonra dördüncü nüfuzlu festivaldır. Ümidvarıq ki, festivalda uğur qazanacağıq. Festivalda dünyanın bir çox ölkələrindən, o cümlədən Rusiya, Estoniya, Ermənistan kinematoqrafçılarının filmləri göstəriləcək.
   Festivalda “Kuklalar” filminin nümayişində iştirak etmək üçün Çingiz Rəsulzadə Çexiyaya səfər edəcək.
   Xatırladaq ki, “Kuklalar” filminin ssenari müəllifləri Ramiz Fətəliyev, Çingiz Rəsulzadə, operatoru Yuri Varnovski, rəssamı Rövşən Mehdiyevdir. Ç.Rəsulzadə, həmçinin filmin rejissorudur.
   Filmdə Mehriban Xanlarova, Abbas Qəhrəmanov, Nübar Novruzova, Xalidə Quliyeva, Cavid Quliyev və başqaları çəkilib.