Aprelin 27-də “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YAY!” qalereyasında rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılacaq. Sərgidə rəssamın ilk baxışdan insanı valeh edə biləcək və hətta şoka salacaq 40-dan çox əsəri təqdim ediləcək. Amma Niyaz Nəcəfovun yaradıcılığı ilə yaxından tanış olanlar onun belə biçimsiz, Fellini tərzində məxsusi istehzasını və sarkazmını görəcəklər. Onun qəhrəmanları vaxtından əvvəl böyümüş bacarıqsız uşaqları xatırladır, onların dünyası isə indiki incəsənətdə heç bir şeyə bənzəməməsi ilə insanı ovsunlayır. Rəssamın işləri BMT-nin qərargahında, Cenevrədəki Millətlər Sarayında, Fransa səfirinin iqamətgahında və Bakının kiçik qalereyasında özünə yer tapa bilər.