Mayın 15-də Muzey Mərkəzində Bakıda fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə türk miniatür sənətinin nümayəndəsi Serhan Çiftiçigüzelinin “Türk bəzəmə sənətləri: tezhip və miniatür” sərgisi açılıb.
Mərasimdə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin müdiri Səriyyə Gündoğdu rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu gün Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin dünyanın 30 ölkəsində 35 nümayəndəliyi fəaliyyət göstərir. Əsas məqsədimiz türk mədəniyyətini təmsil etmək və Türkiyə ilə Azərbaycan arasındakı mədəniyyət əlaqələrini inkişaf etdirərək daha da yaxınlaşdırmaqdır. Bugünkü sərgi də mədəniyyət mərkəzinin Bakıdakı nümayəndəliyinin ilk tədbiridir.
Türkiyə miniatür sənətinin nümayəndəsi Serhan Çiftiçigüzeli Azərbaycanda ilk sərgisinin açıldığını vurğulayıb. Sərgidə onun miniatür sənətinə aid 26 əsəri nümayiş olunur.
Serhan Çiftiçigüzeli qədim türk bəzəmə sənəti haqqında məlumat verərək bildirib ki, Osmanlı dövründə qədim əlyazmaların kənarlarını xüsusi qırmızı boya ilə bəzəyirdilər ki, bunu da miniatür adlandırırdılar: “Tezhib isə qızıl ilə işlənən bəzək sənətidir. Mən əsərlərimdə bu iki qədim türk bəzək sənətinin vəhdətini göstərməyə çalışmışam”.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla davam etdiyini vurğulayıb.
Səfir Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin Bakıdakı nümayəndəliyinin bu sərgi ilə fəaliyyətə başlamasını uğurlu addım kimi qiymətləndirib. Mərkəzin mədəni əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Sonra iştirakçılar tezhip və miniatür sənəti nümunələri ilə tanış olublar. Sərgi mayın 18-dək davam edəcək.