Mayın 25-də Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş böyük konsert proqramı təqdim olundu.
   
   Sarayın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əvvəlcə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən söz açıldı. Bildirildi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan bu əlamətdar gün, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da geniş qeyd olunur.
   Sonra konsert proqramı təqdim olundu. Aparıcı Xalq şairi Məmməd Arazın “Azərbaycan” şeirini söylədikdən sonra səhnəyə “Asiman” rəqs qrupu çıxdı. Balaca istedadların ifasında milli və xarici ölkə xalqlarının rəqs nümunələri, xüsusilə özbək rəqsi alqışlarla qarşılandı. “Natiq” rəqs qrupunun balaca rəqqasları da səhnədə öz bacarıqlarını nümayiş etdirdilər.
   Konsertdə rəqs qrupları ilə yanaşı, Şaolin və Bədii Gimnastika federasiyalarını təmsil edən idmançı uşaqlar da çıxış edirdilər. Kiçik idmançıların göstərdikləri nömrələr isə zalda toplaşan oğlan uşaqlarının daha çox ürəyincə oldu.
   Rəqs və idman nömrələrindən sonra səhnəyə gələn gözbağlayıcı göstərdiyi illüziya şousu ilə uşaqları başına topladı. Balacalarla birlikdə təqdim etdiyi illüziya nömrələri tədbirə əlavə rəng qatdı.
   2011-ci il “Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov və bu il müsabiqədə ölkəmizi uğurla təmsil edərək ikinciliyə layiq görülən Fərid Məmmədovun çıxışları zalda əsl canlanma yaratdı. Uşaqlar sevimli müğənnilərinin ifasını alqışlara qərq edərək onlarla xatirə şəkilləri çəkdirdilər. Hər iki müğənninin balacalara isti münasibəti, səmimiyyət və mehribanlığı isə xüsusilə alqışa layiq idi.
   İki saat davam edən konsert “Asiman” qrupunun rəqsi ilə bitdi. Qeyd edək ki, hər il ənənəvi olaraq təşkil edilən konsert proqramına kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunmuşdu.
   
   Nigar İxtiyarqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar