Paytaxtımızın ənənə və müasirliyin vəhdətinə tapınan zəngin memarlıq mənzərəsi ölkəmizin müstəqilliyə qovuşduğu illərdə nəzərəçarpacaq dərəcədə yeniləşməkdədir.
   
   Qədim şəhərin müxtəlif guşələrində ucaldılan yeni tikililər, salınan parklar, meydan və küçələr çox vaxt monumental sənət nümunələri ilə əlaqəli ərsəyə gətirildiyindən daşıdıqları funksionallıqla yanaşı, insanlara estetik zövq bəxş edir. Beynəlxalq Muğam Mərkəzinin qarşısındakı qədim ruhi-mənəvi irsimizə - muğam sənətinin incəliklərinə plastik görkəm verən tunc relyeflər, “Üns” yaradıcılıq səhnəsinin girişini əhatələyən heykəl-obrazlar, Muzey Mərkəzinin möhtəşəm tikilisini yan tərəflərindən tamamlayan tunc “Səyyah” və “Döyüşçü” fiqurları və şəhərimizin başqa yerlərində qərarlaşan neçə-neçə heykəl-abidələr yeniləşən Bakının memarlığının ayrılmaz hissəsinə çevrilib.
   Bu günlərdə paytaxtın sakinləri və qonaqları şəhərin mərkəzi hissəsinin memarlığına “qovuşmuş” daha iki sənət nümunəsi ilə tanış olmaq imkanı əldə etdilər. Azərbaycan Milli İncəsənət Muzeyinin iki korpusunu birləşdirən yeni və müasir görünüşlü keçidin qarısındakı kiçik daş üzlüklə örtülmüş sahədə ucaldılan bu sənət nümunələrinin müəllifləri xalq rəssamları Səlhab Məmmədov, Fuad Salayev və Əməkdar rəssam Əli İbadullayevdir.
   Əli İbadullayevin və Səlhab Məmmədovun müəllifi olduğu heykəl türk dünyasının ulu müdriki Dədə Qorquda həsr olunub. Yeri gəlmişkən, son illər bu iki sənətkarın müştərək səmərəli fəaliyyəti sayəsində Azərbaycanla yanaşı, İtaliya və Polşada da maraqlı yaradıcılıq nümunələri həyata vəsiqə almış, geniş ictimaiyyətin marağına və mənəvi qaynaq obyektinə çevrilmişlər.
   Onların bizə təqdim etdikləri plastika nümunəsi bütün mənalarda yeni və müasirdir. Odur ki, müəyyən diskussiyalara yol açacağı da istisna deyil. Bu yerdə etiraf edək ki, sənətdə həmişə gerçəkliyə, hadisələrə və tarixi obrazlara daha yeni, mütərəqqi olan baxış-yanaşma ilk anda çoxlarına bir qədər qəribə gəlir, hətta mübahisəyə səbəb olur. Əli İbadullayev və Səlhab Məmmədovun ərsəyə gətirdikləri obrazda real olduğu qədər əfsanəvi olan Dədə Qorqudu bizə sevdirəcək cizgilər kifayət qədərdir. Onun elə zahiri görkəmində xəyallarımızda canlandırdığımız el ağsaqqalının obrazı ilə anım yaradacaq bədii-estetik məqamlar az deyil.
   Təbii ki, heykəl-kompozisiyanın hamıya qəribə və maraqlı görünə biləcək xüsusiyyəti onun ölkəmizdə bu vaxta qədər ucaldılan ənənəvi bust-abidələrdən kəskin şəkildə fərqlənməsidir. Belə ki, boğaz və sinə hissəsi “görünməyən” baş-portret birbaşa çox da hündür olmayan kürsünün üzərində qurulmuşdur. Bu bədii priyomun məqsədli olduğunu vurğulamaqla, bunun hamımızın yaddaşına əlçatmaz el ağsaqqalı kimi həkk olmuş Dədə Qorqudun bənzərsizliyini, torpağa bağlılığını göstərmək istəyinə kökləndiyini söyləməliyik. Portretin yaradıcılarının təqdimatında Dədə Qorqud danışan vəziyyətdədir. Hər bir sözü ətrafı üçün qanuna bərabər olan müdriklər müdriki bu tunc portretdə ağzı dualı, bir qədər də filosof tutumludur. Kifayət qədər enerjili görünən Dədə Qorqud əslində öz aləmindədir. Hiss olunur ki, yenə qopuz səslənməkdə, müdrik və qiymətli kəlamlar dilə gəlməkdə, ətrafını ovsunlamaqdadır...
   Portretin bədii həllindəki plastik tutumun oynaqlığı, rəngkarlıqdan gəlmə yaxılarla anım yaradan axıcı-ekspressiv keçidlər obrazın dinamik və cəlbediciliyini təmin etmişdir. Möhtəşəm və cəlbedici portretin ətraf mühitlə əlaqələndirilməsi, başqa sözlə desək, sintezinin əldə olunması, yəqin ki, onun ən uğurlu bədii-estetik xüsusiyyətidir. Plastik tutumun memarlıq nisbətlərinə müvafiq həlli heykəltəraşlıq əsərinin memarlıqla uğurlu sintezini şərtləndirmişdir. Odur ki, bu əsərin şəhərimizin bütün mənalarda müasirləşən aurasında özünəməxsus yer tutacağı birmənalıdır...
   Azərbaycan Milli İncəsənət Muzeyinin iki korpusu arasında ucaldılan digər heykəltəraşlıq kompozisiyası isə Xalq rəssamı, professor Fuad Salayevin təxəyyülünün məhsuludur. “Akrobatik konstruksiya” adlanan bu tunc çoxfiqurlu kompozisiya özünün forma-biçim tutumuna görə mövcud olduğu fəza-məkana bədii-estetik təsir göstərmək, gözəllik məbədi ilə təmasa tələsən tamaşaçının mənəvi saxlancını zənginləşdirmək, ovqatyaradıcı ruha kökləmək gücündədir. Bunu şərtləndirən mənbə, heç şübhəsiz, kompozisiyanın əski tikilinin isti, şüşəli keçidin isə soyuq koloritinin qovşağında yerləşdirilməsidir. “Dədə Qorqud”da olduğu kimi, burada da tamaşaçı onun üçün yaradılan dairəvi müşahidə imkanı vasitəsilə bu soyuq-isti fonun təsirini duya və dəyərləndirə bilir. Daş üzlüklə örtülmüş hamar məkanın sol hissəsini tutan “Akrobatik konstruksiya”da adına müvafiq bir oynaqlıq, forma-biçimlərin uyarlı və axıcı ritmi mövcuddur. Üç idmançının bir-biri ilə əlaqəli hərəkətinə plastik görkəm verən Fuad Salayev bu fərqli duruşların ətrafa estetik gözəllik bəxş etməsini, fəza-məkana təsir gücünü qabartmağa çalışmışdır. Bu kompozisiya da, “Dədə Qorqud” obrazı kimi, daşıdığı zəngin bədii-estetik yükü qarşısında ucaldıqları sənət məbədinin zəngin tutumuna yönəlik mənəvi körpüyə çevirmək gücündədir. Fikrimizcə, bu bədii xüsusiyyət mədəni həyatımıza yeni daxil olan və özündə həm də sənətlərin uğurlu sintezini yaşadan hər iki əsərin ən önəmli cəhətidir.
   Görkəmli tişə ustası, Azərbaycanın Xalq rəssamı, akademik Ömər Eldarov da bizimlə söhbətində həmkarlarının əsərləri barəsində bu fikirlə həmrəy olduğunu bildirdi. Qeyd etdi ki, dünyada incəsənətin bir çox sahələrində olduğu kimi, heykəltəraşlıqda, xüsusən onun memarlıqla əlaqəsi məsələlərində də maraqlı proseslər gedir. Görkəmli sənətkarın sözlərinə görə, “Dədə Qorqud” və “Akrobatik konstruksiya” əsərlərində bu gün üçün çox önəmli yaradıcılıq məziyyəti sayıla biləcək sintez probleminin uğurlu həllini görmək mümkündür.
   
   Ziyadxan Əliyev,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar