Döyüşçü rəssamların respublika sərgisi
İyunun 24-də Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə döyüşçü rəssamların birinci respublika sərgisi açılacaq. “Sülhün qədrini döyüşənlər bilər” adlı sərgidə Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş rəssamlardan Pərinisə Əsgərova, Tərlan Eyvazov, İntiqam Ağayev və İlqar Əkbərovun müxtəlif janrlarda 50-dən çox əsəri nümayiş olunacaq.
Sərginin əsas məqsədi müharibənin ağrı-acısını bilavasitə öz çiyinlərində hiss etmiş sənətçilərin bu hissləri öz əsərlərində necə təcəssüm etdirməsini tamaşaçıya çatdırmaq, gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə vermək, vətəndaşlara dövlətçilik ideyalarının aşılanmasına xidmət etməkdir.
Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda açılacaq sərgi bir həftə davam edəcək.