“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda beynəlxalq sərgi
   
   “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, “Təmiz şəhər” ASC, “Qız qalası” qalereyası və “İçərişəhər” Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Tullantıdan sənətə” ikinci beynəlxalq sərgisi keçirilir.
   Tullantıdan sənət nümunələri yaratmaq bu günün klişelərinə və qaydalarına etiraz kimi qiymətləndirilir. Bu trendin nümayəndələri istifadəyə yararsız və gərəksiz hesab edilən əşyaları sənət əsərinə çevirərək izləyiciləri heyrətə gətirirlər. Sərgidə Azərbaycan, Fransa, İtaliya, Böyük Britaniya, ABŞ, Yaponiya, Benin, Albaniya, Ukrayna, Qazaxıstan, Belarus, İsrail, Özbəkistan, Tacikistan, Türkiyə və Rusiyadan incəsənət nümayəndələri iştirak edirlər.
   Ötən ilin iyununda Qala qəsəbəsində keçirilmiş “Tullantıdan sənətə” birinci beynəlxalq sərgisindən fərqli olaraq, builki sərgi çərçivəsində tullantının sənət əsərinə çevrilməsi prosesini əyani şəkildə izləmək imkanı yaradılıb. Sərginin 8-i azərbaycanlı olmaqla, ümumilikdə 24 iştirakçısı öz əsərləri üzərində elə pavilyonda işləyirlər. İyunun 20-dək iştirakçılar tullantıdan yaradacaqları sənət əsərlərinin üzərində işləyəcəklər və həmin gün sərginin rəsmi başlanğıcı olacaq.
   Tədbirin əsas məqsədi insanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. İştirakçılar ən bəsit və lazımsız görünən materiallardan - metal, kağız, plastik kütlə, rezin məmulatı və müxtəlif məişət tullantılarından istifadə etməklə maraqlı nümunələr hazırlayırlar.
   Beynəlxalq tədbir Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz şəhər” ASC tərəfindən Qala qəsəbəsində həyata keçirilən tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə pilot layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar