“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti “Bakının işıqları” mövzusunda rəsm müsabiqəsi elan edib. Təqdim olunan işlər Abşeron memarlıq nümunələrini, etnoqrafik dəyərlər və atributlarını, məişət həyatını, görkəmli şəxsiyyətləri, ziyalıları, ziyarətgahları, adət-ənənələri, Bakı gecələrini, memarlıq və digər abidələri, sənaye, təsərrüfat həyatını, Xəzər, Bakı bağlarını və başqa mövzuları əhatə edə bilər. Müsabiqənin şərtlərinə görə, yağlı boya, qrafika, dekorativ sənət əsərləri qəbul edilir.
Birinci yerin qalibinə 3 min manat, ikinci yerin qalibinə 2 min manat, üçüncü yerin qalibinə min manat təqdim ediləcək. Həvəsləndirici mükafatların məbləği isə 500 manat nəzərdə tutulub. Qaliblərin əsərləri avqustun 20-dən 25-dək Bakıda, növbəti mərhələdə isə Almaniyada sərgilənəcək.
Əsərlər avqustun 15-dən 20-dək Üzeyır Hacıbəyli küçəsi, 69 ünvanındakı “Qalereya 1969”-da qəbul olunacaq.