Təkrarsız çıxışları ilə uzun illər Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən həmyerlimiz Araz Həmzəyev dünyanın ən böyük sirki sayılan Kanadanın “Günəş sirki”nin (“Cirque du Soleil”) Las-Veqasdakı proqramına dəvət alıb.
Baş ofisi Kanadanın Monreal şəhərində yerləşən “Cirque du Soleil” dünyada bənzəri olmayan nəhəng sirk korporasiyasıdır. Bu sirkin hər proqramı üzərində böyük yaradıcı qrup çalışır. Əsası 1984-cü ildə qoyulan “Cirque du Soleil” sirkinin tamaşaları dünyanın 280-dən çox şəhərində nümayiş etdirilib. Hazırda “Günəş sirki”ndə 40 xalqın nümayəndəsi olan 4 min adam çalışır.
Cəmi 26 yaşı olmasına baxmayaraq zəngin yaradıcılıq tərcümeyi-halı olan Araz Həmzəyev kiçik yaşlarından sirkdə çıxış etməyə başlayıb, gərgin məşqlər nəticəsində bədəninin yüksək dərəcədə elastikliyinə və çevikliyinə nail olub. Xarici ölkələrdə “Sümüksüz oğlan”, “İlan - adam” ləqəbi ilə məşhurlaşmış həmyerlimiz son 15 ildə Avropanın ən məşhur sirklərinin heyətində müvəffəqiyyətlə çıxış edib.
Araz Həmzəyevin istedadı teatr rejissorlarının da diqqətini çəkib. 2001-ci ildə İtaliya rejissoru Romeo Kastelluçi onu “Genezis” tamaşasına dəvət edib. Tamaşa Moskvada, Çexov adına beynəlxalq teatr festivalında uğurla nümayiş olunduqdan sonra dünyanın bir sıra şəhərlərində də göstərilib.