Gənc və istedadlı rəssam Məryəm Ələkbərlinin avtoportretlərində sanki onun simasını ikiyə bölən xətt sezilir. Bəlkə də bu xətt nəhəng və heç də həmişə xeyirxah olmayan dünyamızdan Məryəmin özünə cəlb etdiyi böyük sevginin və əvəzində bu dünyaya bəxş etdiyi sonsuz məhəbbətin qovuşduğu məkandır.
   Elə onun kətana köçürdüyü rəsmlər də bu xətdən keçən düşüncələrin, hiss və duyğuların nəticəsidir.
   Azərbaycanlı rəssamın istedadına valeh olan Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin dediyi kimi, “O, nadir istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə xətlərlə obraz yaratmağa çalışırlar, o isə artıq bunu bacarır”.
   Məryəm Ələkbərlinin bu günlərdə (26-30 iyun) Moskvanın Mərkəzi Rəssamlar Evində keçirilən “Ənənələr və müasirlik” beynəlxalq incəsənət festivalında təqdim edilən sərgisi onun rəng duyumunu, əlvan rəngkarlıq palitrasını bir daha nümayiş etdirdi. Məryəmin əsərləri bu festivalda ikinci ildir ki, nümayiş olunurdu. Ötən il münsiflər heyəti onun “Bahar ətirli diyar” (“Vesenniy kray”) silsilə rəsmlərini yüksək qiymətləndirərək festivalın mükafatına layiq görmüşdülər.
   Bu il rəssamın “Rənglərin rəqsi” (“Xorovod krasok”) adı altında toplanmış işləri onun daim zənginləşən iç dünyasının əksidir. “Çiçəklənən vadi”, “Meyvələr və ağ küplə natürmort”, “Amazonka”, “Nağıl motivləri” rəsmləri rənglərin parlaqlığı və rəng çalarlarının müxtəlifliyi ilə diqqəti cəlb edir. Məryəm bu rəsmlərində ancaq özünün gördüyü və sevdiyi dünyanı əks etdirir. Yəqin elə buna görədir ki, rənglər də onun hökmünə tabe olub, sanki yallı gedirlər.
   Dünyanın mədəniyyət mərkəzlərindən olan Moskvanın sənət aləmində kimisə təəccübləndirən əsərlər təqdim etmək müşkül işdir. Bu baxımdan həmvətənimizin burada tanınmış incəsənət xadimlərinin diqqətini cəlb etməsi, rəğbətini qazanması qürur doğurmaya bilmir.
   Moskvanın Multimedia Art Muzeyinin direktoru Olqa Sviblova deyir: “Məryəmin əsərlərindən ətrafa hərarət yayılır. Mən bu əsərlərin sehrinə düşmüşdüm”.
   Dünya şöhrətli Azərbaycan rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov “Ənənələr və müasirlik” festivalının açılış mərasimində vurğulayıb ki, Məryəm Ələkbərlinin yaradıcılığı ildən-ilə inkişaf edir və bu il onun əsərləri üçün Mərkəzi Rəssamlar Evində böyük salon ayrılıb. Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun fikrincə, gənc rəssam Məryəm Ələkbərlinin rəsmlərinin Moskvada görkəmli fırça ustamız Tahir Salahovun əsərləri ilə bir sırada sərgilənməsi incəsənətimizin böyük uğurudur.
   Gənc olmasına baxmayaraq, Məryəmi Rusiya paytaxtındakı sərgiyə gətirən yol kifayət qədər zəngindir. Onun ilk iki sərgisi 2010-cu ildə Bakıda “Art Garden” və “Qız qalası” qalereyalarında keçirilib. Sonra Berlin, İstanbul, Ankara onun fərdi sərgilərinə ev sahibliyi edib. 2011-ci ilin dekabrında Məryəmin rəsmləri Parisdə, UNESCO-un mənzil-qərargahında sərgilənib.
   Məşhur Fransa sənətşünası Tyerri Dyufren Məryəm Ələkbərli haqqında yazır: “Mən Məryəmin rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görən kimi onun əsərləri vasitəsilə nə demək istədiyini anladım. Onun yaradıcılığı ilkin mənbəyə qayıdışdır. O mənbəyə ki, orada bütün rənglər yalnız işıq olduqları üçün bərabər hüquqa malikdirlər”.
   Gənc rəssamın “Mənim gözəl dünyam”, “İlin fəsilləri”, “Rənglərin rəqsi” albomları ingilis, fransız, alman və yapon dillərində nəşr olunub. Berlin sərgisində bu albomlarla tanış olan tanınmış Almaniya sənətşünası İngi Şmidt deyib: “Məryəmin rəsmləri insanın ən dərin hisslərinə toxunur. Mən onun albomunu tələbələrimə göstərib deyəcəyəm: “Baxın və öyrənin!”.
   Məryəm Ələkbərlinin əsərlərinin kataloqunu vərəqləyərkən onun qardaşı Cavid Ələkbərlinin ürək sözlərini duyğulanmadan oxumaq olmur: “İnsanın qəlbi daim nura, saflığa can atır. Onu əhatə edən hər bir şeyin mahiyyətini, daxili aləmini, sirli mənasını görən və öz əsərlərində əks etdirən Məryəm, bütün dünyanı olmasa da, başqalarının dərdinə şərik çıxmağı bacaran insanları dəyişməyə qadir incəsənətin sonsuz gücünü özündə hiss edir”.
   Məryəmin öz daxili aləmini rənglərin zənginliyi ilə ifadə etmək, forma və rənglərlə cəsarətlə işləyərək, parlaq, ahəngdar bir dünya yaratmaq bacarığı onu fərqləndirən cəhətlərdir. “Paklıq” və “ümid” onun yaradıcılığına uyğun gələn ən münasib epitetlərdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar