Romadakı Milli Qrafika İnstitutunda Azərbaycan muğam ifaçılarının konserti və gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi təşkil olunub.
   
   Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları, İtaliya ictimaiyyətinin nümayəndələri, musiqişünaslar, diplomatlar iştirak ediblər.
   İnstitutun direktoru Antonella Fusko çıxış edərək Azərbaycan incəsənətinə həsr olunmuş mərasimi yüksək qiymətləndirib, belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb.
   Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
   Etnomusiqişünas Paolo Skarnekiya çıxış edərək muğam janrının özəlliklərindən və dünya musiqisində əvəzsiz yerindən danışıb, Azərbaycan muğam sənətinin UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulayıb.
   Gənc muğam ustaları Vəfa Vəzirova və Babək Niftəliyev tarda Şəhriyar İmanov və kamançada Elvin Novruzovun müşayiəti ilə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” uvertürasını, “Simayi-şəms” ritmik və segah muğamlarını, “Küçələrə su səpmişəm”, “İrəvanda xal qalmadı” xalq mahnılarını və “Qarabağ şikəstəsi”ni oxuyublar. Musiqiçilərimizin çıxışı italyan tamaşaçıları tərəfindən alqışlarla qarşılanıb.
   Sonra gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin açılışı keçirilib. İncəsənət üzrə tarixçi və tənqidçi, Roma İncəsənət Universitetinin müasir incəsənət bölməsinin rəhbəri, professor Cenni Dibert açılışda çıxış edərək rəssamın əl işlərində əsl incəsənət nümunələrinin əksini tapdığını bildirib: “Rəssamın əsərlərində virtuoz keyfiyyətlərlə yanaşı, peşəkarlıq, eyni zamanda, məhəbbət elementləri də geniş yer alıb. Burada insan qəlbinin gözəlliklərini görmək də mümkündür. O, daxilən bu sənətə bağlanmış gənc rəssamdır. Məryəm öz əsərlərini istedadı hesabına yaradıb, onlarda dünyaya hisslərini ifadə edib. Onun yaradıcılığında müasir incəsənətin mühüm elementləri var və bu da çox əhəmiyyətlidir”.
   Məryəm Ələkbərlinin fərdi sərgisi italyan sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi iyunun 30-dək davam edəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar