Ölməyə (də) qürbət “yaxşı” mövzusunda...
Elə bilirsiz, çəkə bilməzdi? Lap əntiqə çəkərdi! Əntiq, antikvar, hətta antik üslubda rəsm edərdi. Sözün, yazı-pozunun ifadə edə bilmədiyi forma və məzmunda yaradardı. Elə çəkərdi ki, elə bilərdin, bu da yeni bir sənət-turne fəlsəfəsi, neo-səyyahi təkərdi - seçkin ölümləri əbədi olumlayan bir yol gedir...
Çəkə bilərdi...
İntəhası nə biləydi, işlər belə işləyəcək, tale belə yollaşacaq. Ata-babaları bu dünyaya - doğal dahilik zirvəsi olan Təbiətin canlı Şuşa bölgəsində, özü Bakıda gəlmişkən, o dünyaya dahi rəssamlar ölkəsində gedəcək!?
Yarada bilərdi...
Elə peyzajlayar, elə tablolayardı ki, bu gün dünya muzeylərində baxışlarla “qoxulanan” gül-çiçək, zövqlərlə “yeyilən” nar-bar natürmortları ilə müqayisədə bir “Alma”nın yarıları kimi görünərdi. Elə portretləyərdi ki, sənət aləmi vüsalına yetməmiş o yaxıların məna-məzmun eyhamları mənim (əslində sözün!) başlıqdakı “yaxşı”mı dəbbələyən dırnaq işarələrini yandırıb-yaxardı!
Yazımı “elə bilirsiz” iddiasıyla başladım, “bilin ki” hökmüylə davam edim.
Bilin və agah olun ki, bu qadir sənətkarlıq bizim böyük natürmort bağbanımıza - surətcə də portret görklü Toğrulumuza məxsusdur. Yaşamca çoxünvanlı, sənətcə hər yerli, doğum-milliyyətcə azərbaycanlı Toğrulumuza. Sirli-sehrli fırçasıyla bu dünyanı Kürəmizin özü kimi fırlanan, şanlı Vətənini hələ təsis edilməmiş “Bəşər TV” ilə “canlı yayım”layan Toğrul Nərimanbəyova!
Hələ əlli il əvvəl yaratdığı “Nar” natürmortunu qırx il öncə - tələbəlik illərimizdə ilk dəfə görəndə, onun içindəki al qırmızı gilələri də “görürdük”. Üz-qabığı sayaq qan-qanovuz, Nargilə qızlarımız, Qaragilə gəlinlərimiz kimi məlahətli, dünya brendli, “made in Azərbaycan, Bakı, Göyçay”lı gilələri!
Deməzsizmi, elə “surətcə portret görklü” deyimim də o vaxtlara məxsusdur. Biz Bəhlulzadə ilə Toğrul Nərimanbəyovun sifətlərini canlı portretə bənzədirdik. Hələ onların sənət baxışlarını, digər xarakterik keyfiyyətlərini də müxtəlif rənglər üzrə təsnifatlaşdırır, mübahisə-müzakirələrimizdə ikisinin birlikdə və hər birinin ayrı-ayrılıqda xəyali portretlərini yaradırdıq.
Onun rəngləri çox, hamısını yazı meydanına çəkmək isə qeyri-mümkün. Hələ bunlar azmış kimi, birini də özümdən “icad” etmişəm:
Mənsubiyyət rəngi...
Bu zəngin rəngin tərkibi yanar can, qaynar doğma qan! Yuxarıda işlətdiyim bir qədər abstrakt anlamlı epitetlər içərisindəki “hər yerli” ifadəsinə dair müxtəsərcə bir sərf-nəzər. Yeri gəlmişkən, bu mükəmməl abstraksionizm ustadı haqda danışıb-yazarkən də abstraktçılıqdan, sözün qanadlığından, vurğunluq fanatçılığından qaçmaq olmur: fikir, təfəkkür, sənətkarlıq zirvələrinin elə bir həddi də var ki, insan ora (ona) çatanda hər hansı bir coğrafi-toponimik məkana, etnik qrup-topluma sığmır - insan haralı yox, hər yerli olur. Beləliklə, kökəncə şuşalı, doğumca bakılı, vətəndaşlıqca ikili (Azərbaycan, Fransa), düşüncə-daşıncalıqca vəsfi-sənətdaşlıq, qloballıq olan Toğrul Nərimanbəyovu təkcə “öz rəngimiz”də görmək, təsəvvür etmək qeyri-mümkün.
Hərdən təkrarçılığın özü də yenilik təsiri verir: bu təkrarsız sənət yaradıcısının sir-sifəti böyük Yaradanın qələmiylə çəkilmiş tanrısal portretə - rəsm əsərinə bənzəyir. Düzdür, bütün dahilərin yaratdığı bütün surətlər Allahın yaratdıqlarının yanından yel olub ötə bilməz. Amma ulu Tanrının yaratdığı milyardlarla fərdilik, fərqlilik, rəngarənglik içərisində özünə hamıdan bir köynək yaxın dahilərin yaratdıqlarına bənzəri də olur. Özü də bu kişi daha çox - lap qədimlərdə adına “Günəş” dediyimiz, dünyanı gəzib-dolaşıb üstümüzə “quaş” assimilyasiyası ilə qayıtmış rənglə rəsm edilib. Tər-təmiz, hər tür türkücə “işləndiyindən”, can “materialı” nə qədər ümumbəşəridirsə, düzgü-cizgiləri bir o qədər Azərbaycan, Turan mayalıdır.
Ənənəvi rəngləri
Bu rənglər, əslində, ona da məxsus bütün rənglərin əzəl-özülüdür. Ona məxsus hər şey - cəmi-sənət peykləri məhz bu planet ətrafında - fırça çevrəsində fırlanır. Onun istedad təndiri o qədər istiydi ki, odlu kürəsində bişməmiş nəsnə qalmırdı. “T.N” imzalı bu fırçadan rəng içən güllər, çiçəklər, kollar, ağaclar, gözəllər, göyçəklər nə qədər bizimdirsə, o qədər də hamının - bəşəriyyətindir. Hələ erkən gəncliyində memarlıq İçərişəhərindən “düzəltdiyi” rəssamlıq İçərişəhəri silsiləsində, bir az sonralar abidələr Səmərqəndindən çəkib-cizgilədiyi ornamentlərdə, “Sifətlər rapsodiyası”nda, daha sonralar Avropanı, Fransanı avropalılara, fransızlara ecazkar bir “kənar baxış”la təqdim etdiyi rəsmlərində sənət ilə bərabər, özünün də nələrə qadir olduğunu bir daha təsdiq etdi.
T.Nərimanbəyov yaradıcılığında qırmızı rəng hər əsər-“məclis”in başındadır. Lakin digər rənglər də ayaqda-aşağıda deyil. Yoxsa onun “Səma”sı, “Sünbüllər”i, “Çiçəklər”i könüllərə sənət gülabı çiləməzdi. Fidan “Körpələr”i, qızıl “Gözəllər”i, qırış-quruş “Qocalar”ı polifonik şərqilər oxumazdı.
Onun fırçasında mavi rənglər dan üzü kimi ağarışır, göy rənglər göyərçinlər tək göyərişir, sarılar süsən-sünbüllər sayaq kəhrəbalaşır. Yaşıllar sevgililərdi - baxışlara sarmaşır. Hələ - mövzunun yamanına işlənəndə şərləşən, yaxşısına işləyəndə ərləşən qara rənglər!..
Onun əsərləri arasında “bütün bunlardan sonra...” ehtimallı nümunələr də az deyil. Onun abstraksiyaları ikinci, üçüncü zənddə gözlər qarşısında yeni-yeni aləmlər açır. Hər növbəti baxışda növbəti bir qənimət! Və bu əsərlər nə qədər millidirsə, o qədər də Renuar dilli, İvanov, Brüller, Van Qoq əsilli tamaşaçılarlıqdır...
Onun “xarakter”, “söz” , “duyğu”, “uyğu” və sair rəngləri də var ki, onların cəmi-cümləsini iki kəlmə -
Aləm rəngləri
ilə ifadə etməli oluram. Bu mənəvi rənglər də parlaqdır, seçkindir, bütövdür, emosionallıq plastikası ilə bahəm, kəskindir. Bütün bunlar konkret əsərlərindən fərqli olaraq, onun daxili aləminə lap yaxından bələd olanlara daha tez çatır, tamaşaçıları, dostları, tanış-bilişləri, həmsöhbətləri tərəfindən əlbəəl sezilir.
“T.N”-də adama bir qədər gec çatan, dərhal sezilməyən rənglər də az deyil. Məsələn? SSRİ və Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatları laureatı, neçə-neçə orden-medal sahibi, bu ilin 2 iyununadək hər ilin altı ayını yaşadığı (həmin tarixçədən əbədiyyətəcən uyuyacağı) Parisdə necə yüksək mərtəbədə tutulduğunu onun öz dilindən eşidən olubmu? Amma atasının Şuşada doğulmasından, Xalq Cümhuriyyəti hökuməti tərəfindən Avropaya oxumağa göndərilməsindən, Tuluzada təhsil alıb, energetik-mühəndis kimi vətənə dönməsindən, özgür bir milliyyətçi kimi repressiya qurbanı olmasından iftixarla danışırdı. Onun şəxsiyyət formulası, qırım-durum elementləri ev-eşiyində də, küçədə, efirdə də daimi bir pedaqoqluq təlqin edir, nümunəvilik, ağsaqqallıq saçırdı. Onun baxışına baxan, yeriş-duruşunu seyr edən, sözünün karına, səsinin tonuna diqqət kəsilən hər kəs kəsdirirdi ki: nə olar, nə olmaz...
Onun muğamata, klassik musiqiyə rəğbətini, insanlara təbəssüm dolu məhəbbətini duymuşdunuz yəqin... Xalq mahnılarımızı, bəzi operalardan ariyaları necə hallı-milli, hancarı “kəndçisayaq”, necə müasir Avropayanə oxumalarına uymuşduz yəqin...
Onun çox gec-gec açılan söz-fikir mücrüsü, düşüncə tərzi də obrazlı rənglər qalereyası timsalında idi. Nə desə, “nədən?” sorulmazdı. Kiməsə nəsə ərz etsə, “niyə?” doğulmazdı. Sözlərindən doyulmazdı. Məsələn:
- Neçə illərdi Teymurlənglə bağlı eskizlər hazırlayırsız, bəs əsər nə vaxt başa gələcək?
- Həmin eskizlər Teymurləng miqyasına çatanda...
- Azərbaycanın harası daha çox möcüzəvidir?
- Sualın qoyuluşunu dəyişdirin: Azərbaycanın harası möcüzəvi deyil?
- Bu gün Sizə Şuşaya getmək təklif olunsaydı...
- Yox, Şuşaya təklif ilə, yaxud qonaq kimi getmərəm. Mən oraya - onun sahibi kimi gedəcəyəm!..
Sözüm-sovum onun rəngləri qədər rəngarəng olsaydı, hələ yazmağa davam edərdim...
Allah rəhmət eləsin, qürbətdəki qəbri rəsmlərindəki rənglərin nuruna boyansın...
Tahir Abbaslı