Əlilliyi olan gənclərin beynəlxalq yaradıcılıq festivalı
   
   Sentyabrın 11-dən 13-dək Bakı şəhərində əlilliyi olan gənclərin “Şərq nağılı” I Beynəlxalq yaradıcılıq festivalı keçiriləcək.
   
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş festival Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi, “Dan” Beynəlmiləlçi Gənclər, “Müşfiq” Əlil Uşaqlara Yardım və “Müstəqil Həyat” Dəstək və İnkişaf Mərkəzi ictimai birliklərinin təşkilati dəstəyi ilə reallaşacaq.
   Festivalın əsas məqsədi əlilliyi olan istedadlı gənclərin yaradıcılıq bacarıqlarının reallaşdırılmasının dəstəklənməsi, ictimaiyyətin diqqətinin humanizm ideyalarına, mədəni dəyərlərə və əlilliyi olan gənclərin yaradıcılığına cəlb edilməsidir. Əlilliyi olan gənclərin sosial inteqrasiyası və adaptasiyasının təşviqi, bu kateqoriyadan olan insanlarla ünsiyyətin qurulması və təcrübə mübadiləsi üçün şəraitin yaradılması, regional, beynəlxalq mədəni əlaqələrin gücləndirilməsi də festivalın məqsədləri sırasına daxildir.
   “Şərq nağılı” əlilliyi olan gənclərin I Beynəlxalq yaradıcılıq festivalında 11 ölkədən 200-dən çox gəncin iştirakı nəzərdə tutulur. Artıq iştirakçı ölkələr müsabiqəyə mahnı, rəqs, teatr və instrumental musiqidən ibarət proqram təqdim ediblər. Festival çərçivəsində əlilliyi olan gənclərlə işləyən yerli təşkilatlar və fərdi təlimçilər üçün xarici ekspertlərin ustad dərsləri təşkil ediləcək.
   Festivalın iştirakçıları üçün zəngin mədəni proqram hazırlanıb. Onlar Qala və Atəşgah arxeoloji-etnoqrafiya muzeylərinə baş çəkəcək, Qara Qarayevin “Yeddi gözəl” baletinə tamaşa edəcək, şəhərin görməli yerləri ilə tanış olacaqlar.
   “Şərq nağılı” əlilliyi olan gənclərin I Beynəlxalq yaradıcılıq festivalının açılış mərasimi “Mariott-Abşeron” hotelində, bağlanış mərasimi və qala-konsert isə Heydər Əliyev Sarayında təşkil ediləcək.
   Tədbir ərəfəsində Gənclər və İdman Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə 20 nəfər qaçqın, məcburi köçkün və əlilliyi olan gənclər üçün xarici ekspert tərəfindən fotoqrafiya üzrə 5 günlük təlimlər başlanıb. Təlimlər nəticəsində iştirakçılar tərəfindən çəkilmiş və ekspert tərəfindən seçilmiş fotoşəkillər festivalın bağlanış mərasimi və qala-konsertin keçirildiyi Heydər Əliyev Sarayında sərgidə nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar