Ankaranın Etimesqut bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 10-cu beynəlxalq “Anadolu günləri” festivalı çərçivəsində sentyabrın 15-də Azərbaycan gecəsi təşkil olunub. Ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən gecədə Türkiyə Böyük Millət Məclisinin deputatı Sinan Oğan, elm, mədəniyyət və incəsənət xadimləri, diaspor təmsilçilərimiz, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
”Anadolu günləri” festivalının keçirildiyi sahədə səfirliyin təşəbbüsü ilə “Azərbaycan evi” yaradılıb. Burada ölkəmizə dair əyani təbliğat vasitələri nümayiş etdirilib, şənlik iştirakçılarına “İrs-Miras” jurnalı, türk dilində nəşr olunmuş “İlham Əliyev” və “Heydər Əliyev” kitabları təqdim olunub, milli mətbəximizin ləziz təamları - şəkərbura və paxlava paylanıb.
Naxçıvan Dövlət Filarmoniyasının musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş anlar yaşadıb. Azərbaycanın xalq mahnıları, bir-birindən gözəl musiqi və rəqslər alqışlarla qarşılanıb.
Gecədə çıxış edən səfir Faiq Bağırov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, iki ölkənin qardaşlıq münasibətlərinin inkişafında belə mədəni tədbirlərin mühüm rolunu vurğulayıb.