Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Kişineudakı səfirliyinin təşkilatçılığı ilə Moldovanın 4 rəssamı (Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman, İlie Aleksandr Leu) Bakıya yaradıcılıq səfəri ediblər. Moldovalı rəssamlar azərbaycanlı həmkarları ilə birlikdə Bakı və onun ətrafını gəzərək rəsmlər çəkiblər.
Sentyabrın 27-də “Qalereya 1969” salonunda moldovalı rəssamların sərgisi açılıb. Mərasimdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən mədəni əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb. Təşkil olunan sərginin iki ölkə arasında mədəni əməkdaşlığa töhfə verəcəyini bildirib. Səfir sərginin yekunları üzrə Azərbaycan və Moldova rəssamlarının əsərlərindən ibarət kataloqun nəşrinin planlaşdırıldığını deyib.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, moldovalı fırça ustası Yakov Tixman xalqlar arasında mənəvi körpü rolu oynayan incəsənətin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycanın Moldovadakı səfirliyi və Yakov Tixman Fondu iki ölkə arasında mədəni əlaqələrin inkişafına dair birgə layihə həyata keçirir.
Qeyd edək ki, bundan əvvəl isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı rəssamlar Nazim Məmmədov, Nazim Şamxorov, Anar Hüseynzadə, Aqşin Kazımovun da Moldovanın paytaxtı Kişineuda yaradıcılıq səfərində olmuş və səfərin yekununda sərgi təşkil edilmişdi.