Oktyabrın 24-də “Kukla” art qalereyasında tanınmış kukla ustaları Pərviz Hüseynov və İrina Qundorinanın yeni əsərlərinin təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə qalereyanın rəhbəri Lalə Kazımova açaraq hər iki sənətkarın Azərbaycanda kukla sənətinə verdikləri töhfələrdən danışdı. Bildirdi ki, Pərviz Hüseynov və İrina Qundorina kukla sənəti sahəsində beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edirlər.
Qeyd edildi ki, qalereyada müəlliflərin "Marsiansayağı espresso" adı altında "Səyahətlər" və "Okeanın müvəkkili” seriyasından olan “Karamel Lattesi”, "Sena boyu səyahət” kimi əsərləri nümayiş olunur. Ekspozisiyada həm də eyni mövzu ətrafında işlənmiş altı irihəcmli panno tamaşaçıların mühakiməsinə verilib. “Marsiansayağı espresso” sərgisi başlığı altında təqdim edilən işlərin mövzusu Mars planetində həyat haqqında kukla fantaziyasıdır. Tamaşaçıya burada nümayiş olunacaq bütün əsərlərə fərdi yanaşma tərzi ilə baxmaq, onlarda açıq-aydın, üzdə olan məna və mahiyyət axtarmamaq və müstəqil təfəkkür gücünü işə salmaq təklif olunur.
Sərginin təşkilinə görə qalereyanın rəhbəri Lalə Kazımovaya dərin təşəkkürünü bildirən Pərviz Hüseynov bir neçə ay öncə fəaliyyətə başlayan kukla qalereyasının Azərbaycanın incəsənət həyatında bir yenilik olduğunu dedi. O, sərginin təşkilində yaxından köməklik göstərən Muzey Mərkəzinin direktoru Liana Vəzirovaya da minnətdarlığını ifadə etdi: “Hazırda təqdim edilən yeni kuklaları biz dekabr ayında Moskvada keçiriləcək beynəlxalq müsabiqəyə təqdim edəcəyik. Həyat yoldaşım İrina xanımla birgə hazırladığımız sənət nümunələrimizin dünyada tanınmasında Mədəniyyət və Turizm Nazirliyi bizə yaxından köməklik göstərir. Bu sahə üzrə Azərbaycanda sənətkarlar azdır və biz çalışırıq ki, dünyada keçirilən müsabiqə və festivallarda təmsil olunaq. Ailə tandemi olaraq bir-birimizə kömək edir, yeni ideyalar düşünür, dünya kukla ustalarının məktəblərindən də bəhrələnirik. Əsərlərimizdə hazır detallardan istifadə etmirik. Bu işdə həm rəssamlığı, heykəltəraşlığı, zərgərliyi, həm də modelyerliyi bacarmalısan”.
Noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək beynəlxalq kukla biennalesinə hazırlaşdıqlarını deyən sənətkar tədbirin kuratorluğunun ona həvalə edildiyini dedi.
Qeyd edək ki, Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridir, dəfələrlə beynəlxalq sərgilərin nominantları və laureatları olublar. Sankt-Peterburqda "Səyahət-2" bədii kukla sənəti üzrə, Moskvada Vaxtanov kukla qalereyasında "Kukla sənətinin peşəkar və yaradıcı inkişafı və təbliğinə görə" mükafatlarına layiq görülüblər. Moskvanın müstəqil "Dollplanet" portalının "Fantasmaqoriya" nominasiyasında birinci mükafatını qazanıblar.
Pərviz Hüseynov əvvəlcə 84 saylı peşə məktəbində tərtibatçı rəssam ixtisası üzrə təhsil alıb, Memarlıq və İnşaat Universitetinin memarlıq və şəhərsalma fakültəsini bitirib. İrina Qundorina Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub, daha sonra təhsilini Ştiqlits adına Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyasında davam etdirib.
Tədbirin sonunda hər iki kukla ustasına Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan incəsənətinə, xüsusilə kukla sənətinə verdikləri töhfələrə görə “Qızıl əllər” fəxri mükafatı təqdim olundu.
Tədbirdə tanınmış sənət ustaları və xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edirdilər.
Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar