Oktyabrın 23-də Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda “Xəttatlıq, miniatür və keramika” sərgisi açıldı. Sərginin ekspozisiyasında Azərbaycan və Türkiyə sənətçiləri - Gülhan Bəydəmir, Ayşe Betül Özey və Özgün Fəridə Özganın əsərləri nümayiş olunur.

Tədbiri Bakı İncəsənət Mərkəzinin baş direktoru Rafael Gülməmmədli açaraq sərginin əhəmiyyətindən danışdı, müəllifləri təqdim etdi. Tamaşaçıların sərgidən böyük zövq alacaqlarına əmin olduğunu deyən direktor ölkəmizdə xəttatlıq sənətinin, habelə digər unudulmaqda olan sənət növlərinin inkişafının vacibliyini bildirdi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgidə nümayiş olunan əsərlərdə fəlsəfi zənginlik duyulduğunu qeyd etdi. Bildirdi ki, Şərqin klassik sənət növləri, türk sənətkarları bu gün də bütün dünyada tanınır və sevilir.
Bakı Rəsm Qalereyasının direktoru Eldəniz Babayev və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan sərginin əhəmiyyətindən söz açdılar. Bildirildi ki, Bakıda belə bir sərginin təşkili Azərbaycanla Türkiyə arasında geniş mədəni əlaqələrin əyani sübutudur.
Diqqətə çatdırıldı ki, Türkiyədə yaşayıb-yaradan Gülhan Bəydəmirin “Yeni Gallery” sərgi salonunda 2008 və 2010-cu illərdə fərdi sərgisi təşkil edilib. Bu dəfə sərgilənən əsərlər onun son dövr yaradıcılığının məhsuludur. Klassik xətt sənətinin bacarıqlı ustalarından olan müəllifin bir çox əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Hollandiya, Avstriya, Koreya Respublikası və Fransa kolleksiyaçıları tərəfindən alınıb, Almaniyada və Avstriyada sərgiləri açılıb.
Ayşe Betül Özey 13 ildir ənənəvi türk sənətləri ilə məşğul olur. O həm də klassik dizaynları özünəməxsus şəkildə improvizə edir. Kurslar təşkil edərək yerli və xarici vətəndaşlara bu sənətin sirlərini öyrədir. Sərgidə müəllifin zərgərlik sənəti nümunələri də nümayiş olunur.
Sərginin digər müəllifi Özgün Fəridə Özgan isə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin klassik arxeologiya ixtisasını bitirib. 2000-ci ildən etibarən müstəqil şəkildə miniatür sənəti ilə məşğuldur. 2006-cı ildə türk-islam sənətləri müsabiqəsinin qalibi olub. Əsərləri müxtəlif incəsənət məkanlarında sərgilənir.
Hər üç müəllif çıxışında mədəniyyət şəhəri kimi tanınan Bakıda əsərlərinin sərgilənməsindən məmnunluqlarını bildirdilər, iştirakçılara minnətdarlıq etdilər.
Xatırladaq ki, noyabrın 3-dək davam edəcək sərgidə sənət nümunələrinin satışı da həyata keçirilir.

Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar