Milli İncəsənət Muzeyində sərgi və “Azərbaycan el sənəti” kitabının təqdimatı

Oktyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə muzeyin yeni korpusunda “Azərbaycan incəsənəti minilliklər boyu” adlı sərginin açılışı və “Azərbaycan el sənəti” kitabının təqdimatı keçirildi. Mərasimdə dövlət və hökumət rəsmiləri, tanınmış incəsənət xadimləri iştirak edirdi.

Tədbiri açan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev sərgi barədə məlumat verdi, ekspozisiyada Azərbaycan xalqının çoxəsrlik mədəniyyətini əks etdirən müxtəlif sənət nümunələrinin yer aldığını diqqətə çatdırdı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muzey işinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncamı milli-mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan verib: “Müsbət haldır ki, digər sahələrdə olduğu kimi, muzey işində də müasir standartlara cavab verən texniki imkanları tətbiq edirik. Maddi mədəniyyət nümunələrimiz qayğı ilə qorunur. İndi biz neçə vaxtdır hazırlaşdığımız sərginin təqdimatına toplaşmışıq. “Azərbaycan incəsənəti minilliklər boyu” sərgisinin təşkili ölkəmizin muzey işində çox böyük hadisədir. Bu sərgi Azərbaycan mədəniyyətinin zəngin tarixini əks etdirməklə yanaşı, onu sübut edir ki, xalqımız minilliklər boyu milli incəsənəti özüylə yaşadıb. Burada tarixi əşyalar da nümayiş olunur. Onların üzərində böyük incəsənət dəst-xətti görünür. Sərgidə həmçinin Azərbaycan müəllifləri tərəfindən ustalıqla yaradılan, müxtəlif dünya muzeylərində saxlanılan miniatür rəsmlərinə, qədim mədəniyyət nümunələrinə-ümumilikdə mədəniyyətimizin keçdiyi yola nəzər salacağıq. Ümidvaram ki, hər kəs bu sərgidən böyük zövq alacaq”.
Nazir muzeyin direktoru Çingiz Fərzəliyevin tərtib etdiyi “Azərbaycan el sənəti” kitabının dəyərli nəşr olduğunu vurğuladı: “Bu kitab Milli İncəsənət Muzeyi fondlarının maddi və mənəvi cəhətdən dəyərli, zəngin kolleksiyaya malik olduğunu göstərən faktdır. Kitabın ərsəyə gəlməsində muzeyin direktoru Çingiz Fərzəliyevin, kollektivin əməyini qeyd etmək istərdim. Ümumiyyətlə, həyata keçirilən tədbirlər göstərir ki, Azərbaycan incəsənəti vahid bir istiqamətdə inkişaf edir. Mədəniyyətin hansı sahəsinə baxsaq, orada böyük potensial görə bilərik. Bu potensial Azərbaycanı XXI əsrdə mədəniyyət ölkəsi kimi tanıtmağa imkan verir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov da sərginin əhəmiyyətindən danışdı. O, Azərbaycan Milli İncəsənət Muzeyinin yeni inşa olunan korpusunun xalqımızın əsrlər boyu yaratdığı sənət nümunələrinin qorunmasına əvəzsiz töhfələr verəcəyini vurğuladı: “Azərbaycan xalqı böyük incəsənət yaratmış bir xalqdır. Amma onu da yaxşı bilirik ki, incəsənət nümunələrini yaratmaqla yanaşı, onları qoruyub gələcək nəsillərə çatdırmaq böyük önəm kəsb edir. Bu gün muzey işi sahəsində dövlət tərəfindən davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. Əlbəttə ki, bu sahənin inkişafı bizi dünyaya daha da yaxından tanıtdırır. Təqdimatına yığışdığımız kitab zəngin el sənətlərini təbliğ edir. Belə nəşrlərin hazırlanması dəstəklənməlidir”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, paytaxt Bakı bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan xalqının milli-mədəni sərvətlərinin toplandığı bu muzeylə, eləcə də sərgi ilə tanışlıq xarici qonaqlarda ölkəmizin mədəniyyəti haqqında zəngin təsəvvür formalaşdırmağa imkan verir. Milli İncəsənət Muzeyinin yeni korpusunda təşkil olunan sərgi bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının əyani təzahürüdür.
* * *
Sonra mərasim iştirakçıları sərgi ilə tanış oldular. Məlumat verildi ki, sərgidə Azərbaycan xalqının qədim dini görüşləri, əmək fəaliyyəti və ətraf mühitə münasibətini əks etdirən sənət nümunələri nümayiş olunur. Göygöl, Beyləqan, Naxçıvan, Qazax, Şabran və s. yerlərdə arxeoloji qazıntılar zamanı aşkar edilmiş ilk tunc və dəmir dövrünə aid eksponatlarla yanaşı, XI-XIX əsrlərdə hazırlanmış yüksək bədii metal nümunələri də ekspozisiyada yer alıb. Ekspozisiyada həmçinin, ağacdan, sümükdən, daşdan düzəldilmiş əşyalar, xalça və xalça məmulatları, tikmələr, milli geyim nümunələri var. Gündəlik istifadə olunan bu məişət əşyaları həm də yüksək sənət nümunələri kimi xalqın zövqünü, inancını və həyata baxışlarını əks etdirir.
Sərgidə XIX və XX əsrlərdə yaşayıb-yaratmış görkəmli Azərbaycan rəssamlarından Abbas Hüseyni, Əkbər Şərgizad Təbrizi, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə və Mir Möhsün Nəvvabın əsərləri də nümayiş olunur.

Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar