Rusiya Dövlət Şərq Muzeyində Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun və onun oğlu, gənc rəssam Orxan Hüseynovun “Azərbaycan nağılları” adlı sərgisi açılıb.
Heydər Əliyev Fondunun, iki ölkənin müvafiq nazirliklərinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə ərsəyə gələn sərgidə rəssamlıq və qrafika əsərləri nümayiş etdirilir. Əsərlərdə xalqımızın həyatı, adət və ənənələri Azərbaycan nağılları və folkloru prizmasından, parlaq şəkildə, yumor və fantaziya ilə göstərilib.
Sərginin açılışında çıxış edən Şərq Dövlət Muzeyinin baş direktoru Aleksandr Sedov deyib: “Azərbaycan rəssamlarının əsərlərində gördüklərim mənə rus nağıllarındakı personajları xatırladır. Zənnimcə, bu, onu göstərir ki, hər iki xalqın incəsənəti və mədəniyyəti ümumi mədəni dəyərlərdən bəhrələnir”.
Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu sərgi münasibətilə hər iki müəllifi təbrik edib: “Rəsmlərdəki bədii fikir gözəllik hissi, mədəniyyət, gözəlliyi görmək bacarığı aşılayır”.
Rusiyanın Əməkdar rəssamı, soydaşımız Əsgər Məmmədov, layihənin kuratoru Svetlana Xromçenko rəssamların yaradıcılığından danışıblar.
Xalq rəssamı Arif Hüseynov vaxtilə Moskvada sənət təhsili aldığını, burada böyük məktəb keçdiyini vurğulayıb. Onun sözlərinə görə, 20 ildir ki, rəsmləri Moskvada nümayiş etdirilmirdi. Bu illərdə ölkəmizin böyük inkişaf yolu keçdiyini deyən rəssam bildirib ki, sərginin adı kimi, bu gün müasir Azərbaycan da nağılı xatırladır.
Tanınmış rəssam, bir çox ədəbi nəşrlərin illüstratoru Arif Hüseynovun əl işlərində xalq nağılları obrazları orijinal təcəssümünü tapıb. Sənətkarın “Kəndirbazlar”, “Sevgililər” və s. rəsmləri Moskva tamaşaçılarında böyük maraq doğurub.
İstedadlı rəssam Orxan Hüseynov isə rəngkarlıq və qrafika əsərlərində qədim Bakının ürəkaçan obrazını yaradır. Sərgidə onun “Yay klubu”, “Müsəlman zabitlər”, “Qırmızı at” və s. əsərləri xüsusilə fərqlənir.
Rusiya Dövlət Şərq Muzeyində “Azərbaycan nağılları” sərgisi noyabrın 10-dək davam edəcək.